Azərbaycan Ağsaqqallar Şurasının rayon və şəhər təşkilatlarının üzvləri Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə keçirilmiş tədbirlərdə yaxından iştirak ediblər.
Şuranın yerli təşkilatları ölkəmizin bütün şəhər və rayonlarında digər qurumlarla birlikdə bayram tədbirləri, toplantılar keçirmiş, Şəhidlər Xiyabanını, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq həlak olmuş şəhidlərimizin məzarlarını, onların əziz xatirələrini əbədiləşdirmək üçün qoyulmuş abidələri ziyarət etmiş, qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak etmiş, müqəddəs ruhlarına dualar oxumuşlar.
Tədbirlərdə ictimaiyyət nümayəndələri – ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, dövlət idarə və təşkilatlarının rəsmi şəxsləri çıxışlar etmiş, qəhrəman Azərbaycan Ordusunun erməni işğalçıları üzərində şanlı Qələbəsinin 3-cü ildönümünün – Zəfər Gününün və Dövlət Bayrağı Gününün tariximizə əbədi olaraq qızıl hərflərlə həkk edilməsindən söz açmışlar. Vurğulamışlar ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin rəşadəti sayəsində əsrlərdir davam edən erməni vandalizminə son qoyulmuşdur. Mənfur Ermənistan ordusu döyüş meydanında 44 günlük savaşda və 24 saatdan da az müddətdə davam edən antiterror əməliyyatlarında tamamilə diz çökdürülmüşdür. İşğal altında olan bütün torpaqlarımız tam azad edilmiş və hazırda həmin ərazilərdə qalib Azərbaycan Respublikasının üçrəngli bayrağı qürurla dalğalanır.
Tədbirlərdən sonra Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar hazırlanmış ədəbi-bədii kompozisiyalar, rəqs və mahnılar nümayiş etdirilmiş, bu əlamətdar bayramlarımız mövzusunda çəkilən rəsm əsərlərindən ibarət sərgilər əhali tərəfindən böyük maraqla qarşılanmışdır.
Konsert proqramları ilə müşayiət edilən bayram şənlikləri axşam saatlarında atəşfəşanlıqla davam etdirilmişdir.