Xəbərlər

Şəki Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Şəki, 27 may, Mustafa Dadaşov, AZƏRTAC

Mayın 27-də Şəki Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıb, Şəhidlər xiyabanını ziyarət ediblər.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova açaraq, ötən ilin ən mühüm hadisəsinin torpaqlarımızın erməni işğalından azad edilməsi olduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan möhtəşəm “Dəmir yumruq” əməliyyatının şanlı Qələbə ilə başa çatdığını vurğulayıb.

Bildirilib ki, bu gün respublika ağsaqqalları ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Dövlətimizin bugünkü inkişafında onların böyük rolu var. Ağsaqqallar həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında da xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər. Şəki ağsaqqalları rayonun ictimai-siyasi, mədəni həyatında, xüsusilə gənclərin maarifləndirilməsində yaxından iştirak edirlər. Onlar rayonda həyata keçirilən bütün tədbirlərdə diqqət mərkəzində saxlanılır, qayğı ilə əhatə olunurlar.

Konfransın Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə təsadüf etdiyini vurğulayan Zərinə Cavadova tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib.

Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. O, çıxışında Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə də məlumat verib, tövsiyələrini çatdırıb, yeni seçiləcək heyətə uğurlar arzulayıb.

Sonra təşkilati məsələlər müzakirə olunub, Şəki Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilib. Nağdalı Balaşov Şuranın sədri seçilib. Konfransda, həmçinin rayon Ağsaqqallar Şurasının İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibi təsdiq olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.