İyunun 14-də Şəkidə Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri Zərinə Cavadova və Elman İmamverdiyev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra Hakimiyyətinin başçısı Elxan Usubov, professor Elmira Süleymanova və digər konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və “Şəhidlər” abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin, dünyasını dəyişmiş ağsaqqal və ağbirçəklərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova iştirakçıları salamlayaraq, onları 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib və bildirib ki, ağsaqqallar, ağbirçəklər ölkəmizin ictimai-siyası həyatında böyük rol oynayırlar və onların sözünü, xeyir-duasını xalqımız yüksək qiymətləndirir. Şəkinin inkişafında rayon ağsaqqallarının əməyi danılmazdır və onlar daim diqqət mərkəzində saxlanılır, qayğı ilə əhatə olunurlar.
Şəki Rayon Ağsaqqallar Şurasının sədri Nağdalı Balaşovun təşkilatın illik fəaliyyətinə dair məruzəsi dinlənilib. O, yerlərdə ağsaqqalların gənclərin vətənpərvərlik ruhunda yetişməsində, onların düzgün istiqamətləndirilməsində müntəzəm şəkildə apardıqları işlərdən, habelə dövlət qurumlarından aldıqları dəstəkdən bəhs edib.
Tədbirdə Rayon Ağsaqqallar Şurasının fəalları çıxış ediblər. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəki rayon filialının sədri Məmmədnuru Əzizov, “Şəki” qəzetinin redaktoru Akif Salam yaşlı nəslin nümayəndələrinə dövlət qayğısından, gənclərin dövlətə, xalqa sədaqət və sağlam həyat tərzi ruhunda tərbiyəsi işində ağsaqqalların gördüyü işlərdən danışıblar. Şuranın fəaliyyətinin qənaətbəxş olduğu bildirilib.
Professor Elmira Süleymanova 15 iyun-Milli Qurtuluş günü ərəfəsində rayon ağsaqqalları ilə görüşündən şad olduğunu bildirərək, iştirakçılara Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və özünün səmimi təbriklərini çatdırıb. Natiq Azərbaycanın 28 may 1918-ci ildə AXC tərəfindən müsəlman şərqində və türk dünyasında ilk demokratik, parlamentli dövlət olduğunu bəyan etdiyini vurğulayıb. Müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra xalqın təkidli dəvəti ilə hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin sözün əsl mənasında bünövrəsini qoyduğu müstəqil Azərbaycan Respublikasının hərtərəfli siyasi, iqtisadi, sosial, mədəni, hüquqi islahatlar məkanına çevrildiyini bildirib. Qısa müddətdə ölkəmizdə iqtisadiyyatın inkişafı və güclü ordumuzun yaranmasının özülü qoyulub ki, bu da dövlətimizin gələcək dayanıqlı inkişafını şərtləndirib. Müstəqil dövlətimizin ilk Konstitusiyası, güclü qanunvericilik bazası, məqsədyönlü inkişaf strategiyaları, dövlət planları və proqramları uzaq perspektiv inkişaf məqsədlərinə xidmət edib. Ulu Öndərin ən böyük arzusu əvvəlki separatçı hakimiyyət dövründə erməni təcavüzkarları tərəfindən zəbt olunmuş torpaqlarımızın işğaldan azad olunması, bu torpaqlara sahibləri olan, 30 il ağır didərgin ömrü yaşamış məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması olmuşdur. Bu arzusunu onun layiqli varisi müzəffər Prezidentimiz, güclü siyasi və dövlət xadimi kimi dünyanın tanıdığı Ali Baş Komandan, istedadlı sərkərdə və diplomat Prezident cənab İlham Əliyev həyata keçirib. Dünya hərb tarixində analoqu olmayan 44 günlük Vətən müharibəsi zamanı xalqımızı və ordumuzu ətrafında dəmir yumruq kimi birləşdirib, düşmən ordusunu darmadağın edib, bir addım geri atmadan həsrətində olduğumuz əzəli torpaqlarımızı işğaldan azad etməyə nail olub. Xarici dövlət və ictimai xadimlərə erməni barbarlarının işğal illərində törətdikləri dağıntıların, qeyri-insani hərəkətlərinin şahidi olub, dünyaya tanıdılması üçün geniş imkanlar yaradılıb. Yerlə-yeksan olmuş abad şəhərləri və torpaqları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə cənnətməkana çevirmək məqsədilə elmin və texnikanın ən yüksək nailiyyətləri tətbiq olunmaqla, sürətlə bərpa-quruculuq işləri aparılır. O, beynəlxalq aləmdə söz sahibi, güclü diplomat olan Prezidentimizin regionda sülhə, əmin-amanlığa və əməkdaşlığa nail olmağa yönəlmiş ölçüyəgəlməz təşəbbüsləri və fəaliyyəti haqqında danışıb. Elmira xanım Azərbaycan Ağsaqqallar Şurasının İdeoloji Konsepsiyası sənədini və bu ilin iş planını Rayon Ağsaqqallar Şurasına təqdim edib, ağsaqqallara öz tövsiyələrini bildirib və uğurlar arzulayıb.
Şəki rayonunun ağsaqqalları həmişə olduğu kimi dövlət siyasətinə sadiq olduqlarını vurğulayaraq, ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya daim diqqət və dəstəklərinə görə minnətdarlıqlarını bildiriblər.v
Şəki Rayon Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilib.
- 16-06-2022
- [16:30]
- [ ]
16
İyn