Xəbərlər

Şəmkir, Qazax və Tovuz rayonlarının Ağsaqqallar Şuralarının  hesabat konfransları keçirilib

Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.
Növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 21-də və 22-də Şəmkir, Qazax və Tovuz rayonlarında təşkil olunub. Bu konfranslarda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Balaşov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil işçiləri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq toplantının əhəmiyyətindən söz açıblar. Milli-mənəvi dəyərlərimizin formalaşmasında, yaşadılmasında və gənclərə aşılanmasında ağsaqqal sözünün daşıdığı önəmi vurğulayan natiqlər yaşlı nəslin nümayəndələrinin rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini bildiriblər. Rəhbər vəzifəyə təyin olunduqları ilk günlərdən etibarən mütəmadi olaraq ağsaqqallarla görüşdüklərini, onların məsləhət və tövsiyələrinə əməl etdiklərini söyləyən icra başçıları gənclərin vətənpərvərlik ruhunda, sağlam təməllər üzərində tərbiyəsi işində ağsaqqallara həmişə böyük ehtiyacın duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurovun və Tovuz Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahovun yerli təşkilatlar tərəfindən son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıya qoyulan vəzifələr barəsində məruzələri dinlənilib. Natiqlər Rayon Ağsaqqallar Şurasının üzvlərinin təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvləri, xüsusilə də gənclərimizlə maarifləndirici, o cümlədən ordumuzun qəhrəmanlıq tarixi mövzusunda söhbətlər aparıldığını, onların milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunda tərbiyəsi işinə böyük önəm verildiyini qeyd ediblər. Vurğulayıblar ki, həm pandemiya dövründə, həm də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi zamanı rayon ağsaqqalları öz fəaliyyətlərini davam etdirərək xalqımızın həmrəy olmasında, daxili və xarici düşmənlərimizə, o cümlədən xəstəliklərə qarşı mübarizə aparılmasında yaxından iştirak ediblər. Çıxışçılar gələcəkdə öz fəaliyyətlərini daha səmərəli və əhatəli qurmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Lakin ağsaqqallarımızın daha yüksək potensiala malik olduqlarını bildirərək koronovirus pandemiyasının, demək olar ki, aradan qalxdığı bu dövrdə onların fəaliyyətində daha böyük canlanmanın olacağına əminliyini ifadə edib.
Öz çıxışında ağsaqqallıq institutunun qədim tarixə malik olduğunu söyləyən Bayram Yusifov xüsusilə türk tayfalarında və bu gün onların davamçıları olan türk dövlətlərində böyük nüfuz sahibi olan ağsaqqallara yüksək dəyər verildiyini qeyd edib. Hazırda Türk Dövlətləri Təşkilatında (TDT) üzv ölkələrin ağsaqqallarının təmsil olunduğu Ağsaqqallar Şurasının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Natiq qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası da Eldar Quliyevin rəhbərliyi ilə TDT-nin Ağsaqqallar Şurasının işində yaxından iştirak edir, təşkilata üzv olan türk dövlətlərinə işgüzar və səmərəli səfərlər həyata keçirilir, bir sıra sahələr üzrə əməkdaşlıqlar genişləndirilir. Bayram müəllim, həmçinin, ulu öndər Heydər Əliyevin ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıraraq onlara verdiyi yüksək dəyərdən və bu gün həmin qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla davam etdirilməsindən də bəhs edib.
O, öz çıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olmadığı, sözün əsl mənasında ağsaqqalsız qaldığımız dövrlərdə Azərbaycanın yaşadığı böyük problemləri tədbir iştirakçılarına xatırladaraq Ümummilli Liderin xilaskarlıq missiyasından, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesindən, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən və işğaldan azad olunmuş torpaqlarımızda gedən genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açıb, ölkə əhalisinə, xüsusilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb.
Hazırda Azərbaycan Ağsaqqallar Şurasında, onun yerli təşkilatlarında canlanmanın müşahidə edildiyini vurğulayan natiq bildirib ki, biz ağsaqqallar daha da fəal olmalıyıq, dövlətimizin, ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizi sevməyən daxili və xarici qüvvələrə, cəmiyyətimizdəki neqativ hallara qarşı ciddi mübarizə aparmalıyıq, gənclərlə maarifləndirici işlərimizi daha da artırmalıyıq.
Konfranslarda rayonların Ağsaqqallar Şuralarının üzvləri, həmçinin yerli təşkilatların nümayəndələri, ziyalılar və digər natiqlər çıxış edərək ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən bəhs ediblər. Vurğulayıblar ki, xalqımizi daha da qüvvətləndirən ağsaqqal sözüdür və ağsaqqallara hörmət millətə, dövlətə hörmətdir. Azərbaycanın hər bir bölgəsində belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Tovuzda keçirilən konfransda Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Zeynalova yeni vəsiqə təqdim edilib və ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Səfər çərçivəsində ənənəvi olaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov yerli təşkilatların iş otaqları, onlara yaradılan şəraitlə və göstərdikləri fəaliyyətlə yaxından tanış olub, öz tövsiyələrini verib, həmçinin mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlarla məsləhətləşmələr aparılıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.