Dekabr ayının 20-də Səbail Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramov, həmçinin Rayon İcra Hakimiyyətinin aparat işçiləri, ağsaqqallar, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.
Konfransda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş nitqi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və tədbir iştirakçılarını salamlayıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsindən, aparılan uğurlu daxili və xarici siyasətdən bəhs edib. Respublika ağsaqqallarının fəaliyyətini yüksək dəyərləndirən natiq Səbail rayonunda da ağsaqqalların ictimai-siyasi həyatdakı əhəmiyyətli rolundan və onların cəmiyyət arasındkı yüksək nüfuzundan söz açıb. Ölkəmizin davamlı inkişafı prosesində ağsaqqalların üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirdiklərini bildirən Vüqar Zeynalov konfransın işinə uğurlar arzulayıb.
Sonra Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramov təşkilatın son dövrdəki fəaliyyəti və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verərək, keçirilən tədbirlərdən söz açıb. Vurğulayıb ki, fəaliyyət dövründə xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsində rayon ağsaqqallarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinin geniş şəkildə həyata keçirilməsi diqqət mərkəzində olub. O, həmçinin, prezident və parlament seçkilərində rayon ağsaqqallarının fəallıqlarını daha da artırdıqlarını, təbliğat və təşviqat, eləcə də səsvermə prosesində yaxından iştirak etdiklərini vurğulayıb. Bildirib ki, Səbail Rayon Ağsaqqallar Şurasının üzvləri bundan sonra da fəaliyyətlərini yüksək əzmkarlıqla davam etdirəcəklər.
Tədbirdə çıxış edən digər natiqlər də bildiriblər ki, Azərbaycanın hər bir bölgəsində aktiv fəaliyyət göstərən ağsaqqallar Səbail rayonunda da ictimai-siyasi və mədəni tədbirlərdə yaxından iştirak və çıxışlar edir, öz fəallıqları ilə seçilirlər. Xüsusilə gənclərin maarifləndirilməsinə xüsusi diqqət ayıran ağsaqqallar onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayır, öz bilik və təcrübələrini gənc nəslə öyrədirlər. Hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirən natiqlər əmin olduqlarını bildiriblər ki, qarşıdan gələn dövr ərzində təşkilat öz fəaliyyətini daha səmərəli və effektiv şəkildə quracaqdır.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin səmimi salamalarını tədbir iştirakçılarına çatdırıb. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən natiq vurğulayıb ki, uçuruma doğru gedən ölkəmizin xilası xalqımızın Ümummilli Liderinin gərgin əməyi nəticəsində mümkün olub. Məhz dahi şəxsiyyət Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkədə qayda-qanun bərpa edildi və Azərbaycan dayanıqlı inkişaf yoluna çıxdı. Hazırda bu inkişaf və tərəqqi yolunu Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük uğurla davam etdirir. Eldar İbrahimov, həmçinin, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin arzuladığı Azərbaycanı qurmaq naminə möhtərəm Prezidentimizin həyata keçirdiyi strateji inkişaf xətti ölkəmizi dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və Cənubi Qafqazın liderinə çevirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsi xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələnin həllini təmin edib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə böyük uğurla keçirilməsindən də söz açan natiq qeyd edib ki, sıralarında dünyanın 80 dövlət və hökumət başçısının olduğu 70 mindən çox nümayəndənin iştirak etdiyi bu möhtəşəm tədbir Azərbaycanın və möhtərəm Prezidentimizin yüksək nüfuzundan xəbər verir. Çıxışı zamanı Səbail Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş qiymətləndirən Eldar İbrahimov cəmiyyətimizdəki bəzi problemlərə də toxunub. Boşanma hallarının ciddi şəkildə artmasından, hələ də rast gəlinən erkən nikahlardan və narkomaniyaya aludəçiliyin genişlənməsindən söz açan natiq vurğulayıb ki, cəmiyyətimizdə mövcud olan bu problemlərə qarşı hər bir vətəndaş, xüsusilə ağsaqqallar öz maarifləndirici fəaliyyətləri ilə ciddi mübarizə aparmalıdırlar. Təşkilatın gələcəkdə öz işlərini daha aktiv şəkildə davam etdirəcəyinə əmin olduğunu bildirən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov ağsaqqallara möhkəm cansağlığı, uzun ömür arzulayıb.
Konfransın sonunda xatirə şəkli çəkdirilib.











