Xəbərlər

Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlının 75 illik yubileyinə həsr olunmuş görüş keçirilib

Mart ayının 10-da Səbail Rayon İcra Hakimiyyətində Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlının 75 illik yubileyinə həsr olunmuş görüş keçirilib.

Görüşdə yubilyarla yanaşı, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, başçının müavini Eldar Ağayev, ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, eləcə də Azərbaycan Ağsaqqallar Şurası Aparatının məsul əməkdaşları Rafiq Rzayev və Elşad Quliyev iştirak ediblər.

Tədbirdə Vuqar Zeynalov çıxış edərək Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlını 75 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, işğal olunmuş ərazilərdə yenidənqurma və abadlıq işlərinin aparılmasında geniş fəaliyyətindən bəhs edib, eləcə də son illərdə Səbail rayonunda gedən quruculuq işlərindən danışıb və rayonun ictimai-siyasi həyatında ağsaqqalların yüksək nüfuzunu qeyd edib. Vurğulayıb ki, Səbail rayonunun ağsaqqalları Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlının rəhbərliyi altında zəngin həyat təcrübələri, müdrik məsləhətləri və nümunəvi həyat yolları ilə gənc nəslin milli dəyərlər əsasında tərbiyəsinə və vətəndaşlıq mövqeyinin formalaşmasına əhəmiyyətli töhfələr verirlər. Vuqar Zeynalov, həmçinin, rayon ərazisində həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarında, ictimai maarifləndirmə tədbirlərində, eləcə də şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdə ağsaqqalların fəallığını və dəstəyini yüksək qiymətləndirib. Bu işlərin həyata keçirilməyində Baba Bayramlının aktiv fəaliyyətini xüsusi qeyd edib və bir daha yubilyarı ən səmimi arzularla təbrik edib.

Görüşdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının Aparatının əməkdaşları da yubilyara Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin səmimi təbriklərini və ən xoş arzularını çatdıraraq qeyd ediblər ki, Baba müəllim pedaqoji və ictimai sahədə uzunmüddətli səmərəli fəaliyyəti ilə xalqımıza və dövlətimizə uğurla xidmət etmişdir. O, hazırda Səbail Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik ağsaqqal, dəyərli ziyalı kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı ilə cəmiyyətimizin inkişafında, gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Görüşün sonunda Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlıya Rayon İcra Hakimiyyətinin və Azərbaycan Ağsaqqallar Şurasının Fəxri fərmanları, hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.