Xəbərlər

Şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsi ehtiramla yad edilib

14 oktyabr oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan Rüfət Mürvət oğlu Əsgərovun şəhadətinin 6-cı ildönümü münasibətilə II Şəhidlər Xiyabanında qəhrəman Vətən övladının əziz xatirəsi ehtiramla yad olunub.

Anım mərasimində şəhidin atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərovla yanaşı, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Hicran Şərifov, eləcə də şəhidin ailəsi, dostları, döyüşçü və hərbçi yoldaşları, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları, Xətai Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları II Fəxri Xiyabanda dəfn olunan qəhrəman şəhidimizin qəbrini ziyarət edərək, ruhuna dualar oxuyublar, məzarı üzərinə gül dəstələri düzüblər. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ziyarət zamanı çıxış edənlər şəhid zabitin şərəfli həyat yolundan, onun torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşməsindən, cəsarət və qorxmazlığından, Vətəninə, torpağına, elinə-obasına bağlılığından danışıblar. Rüfət Əsgərov kimi vətənpərvər oğullarımızın xalqımızın yaddaşında əbədi yaşayacağını və onun kimi igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğunu vurğulayıblar.

Şəhidin atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov çıxış edərək oğlu ilə bağlı xatirələrindən danışıb. Onun keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən və göstərdiyi qəhrəmanlıqdan söz açıb. Rüfətin xatirəsini əziz tutduqlarına və göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə, Xətai Rayon İcra Hakimiyyətinə, Azərbaycan Ağsaqqallar Şurasına və bütün ziyarət iştirakçılarına dərin minnətdarlığını bildirib.

Sonra Anım mərasimi ehsan süfrəsi arxasında davam etdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.