Xəbərlər

Şəki ağsaqqalları 8 Noyabr – Zəfər Günü ilə əlaqədar təşkil olunmuş ağacəkmə aksiyasında iştirak ediblər

Oktyabrın 29-da Şəkidə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Qəhrəmanlar Bağı” layihəsi çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Rayon Ağsaqqallar Şurasının sədri, I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis polkovnik-leytenantı Vaqif Əhmədov və İdarə Heyətinin üzvləri, şəhid ailələri, qazilər, gənclər, idarə və müəssisələrin əməkdaşları, rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən müharibəsi bizim şanlı tariximizdir. Natiq Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsini ehtiramla yad edilməsi məqsədini daşıyan, eyni zamanda yaşıllıq sahələrinin genişləndirilməsinə, ekoloji tarazlığın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən “Qəhrəmanlar Bağı” lahiyəsinin əhəmiyyətini vurğulayıb, layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib.

Şəki ağsaqqallarının da yaxından iştirak etdiyi tədbirdə şəhid ailələri bu təşəbbüsə görə aidiyyatı qurumlara və aksiyaya qatılan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Aksiya çərçivəsində şəhidlərin xatirəsinə 353 ədəd Eldar şamı ağacı əkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.