Xəbərlər

Şəki Rayon Ağsaqqallar Şurası tələbələrlə “Gənclik milli-mənəvi dəyərlərimizin daşıyıcısı, dövlətimizin və gələcəyimizin təminatıdır!” mövzusunda tədbirlər keçirib

Şəki Rayon Ağsaqqallar Şurası ADPU-nun Şəki filialında və Şəki Musiqi Kollecində tələbələrlə “Gənclik milli-mənəvi dəyərlərimizin daşıyıcısı, dövlətimizin və gələcəyimizin təminatıdır!” mövzusunda tədbirlər keçirib. Şəki Musiqi kollecində keçirilən tədbirdə Şəki Pedoqoji Kollecinin və Şəki Dövlət Texniki Kollecinin tələbələri də iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən Şəki Rayon Ağsaqqallar Şurasının sədri, I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis polkovnik-leytenantı Vaqif Əhmədov müəllim və tələbələri salamlayaraq Şuranın fəaliyyəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi barədə fikirlərini bölüşüb. Gənclərə adət-ənənələrimizin, böyüyə hörmət və ağsaqqal nəsihətinə ehtiram kimi əxlaqi prinsiplərin aşılanmasından ətraflı söz açan natiq müasir Azərbaycanın inkişaf tarixi, dövlət müstəqilliyinin qorunması və ölkənin uğurları haqqında tələbələri məlumatlandırıb. Onların elmə, biliklərə dərindən yiyələnməsi, cəmiyyət üçün faydalı vətəndaş kimi yetişməsi və tədris prosesində intizamlı olması istiqamətində dəyərli tövsiyələr verib. Gənclərin sağlam həyat tərzinə yönləndirilməsi və pis vərdişlərdən uzaq durması ilə bağlı maarifləndirici söhbətlər aparıb. Vaqif Əhmədov öz nitqində ağsaqqallarla, ziyalılarla gənclərin birgə həyata keçirməli olduğu ideoloji təhlükəsizlik işlərindən də ətraflı bəhs edib.

Şəki Rayon Ağsaqqallar Şurasının sədr müavinləri, görkəmli pedaqoqlar – Əməkdar müəllim Ruhangiz Abdullayeva və Qabaqcıl təhsil işçisi Elxan Abdullayev də çıxışlarında Vətənə sevgi və sədaqət hissinin gənclərə aşılanması, dövlətçilik ənənələrinə hörmət, milli kimliyin qorunması və gənc nəslin cəmiyyət qarşısında məsuliyyətinin artırılması məsələlərinə toxunublar. Natiqlər vurğulayıblar ki, gənclərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişdirilməsi cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə ağsaqqalların zəngin həyat təcrübəsi və tövsiyələri gənclərin dünyagörüşünün formalaşmasında xüsusi rol oynayır.

Tədbirlərdə ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov və digər natiqlər də çıxış edərək Rayon Ağsaqqallar Şurasının fəaliyyətinin əhəmiyyətindən, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında ağsaqqalların rolundan və tədbirlərin məqsədindən bəhs ediblər. Mütəmadi olaraq gənclərlə belə mühüm tədbirlər keçirdikləri üçün rayon ağsaqqallarına öz minnətdarlıqlarını bildiriblər. İclaslarda, həmçinin, gənclərin maarifləndirilməsi, onların Vətənə bağlılıq hissinin gücləndirilməsi və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Sonda bu sahədə təhsil müəssisələri ilə Rayon Ağsaqqallar Şurası arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.