Sentyabr ayının 2-də Sabirabad Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Sabirabad Rayon Ağsaqqallar Şurasının sədri Eyvaz Fərzəliyev, eləcə də ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş nitqi ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq ölkəmizdə böyük nüfuz və hörmətə malik olan ağsaqqalların fəaliyyətindən, dəyərli xidmətlərindən söz açıb. Ağsaqqalların Sabirabad rayonunun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların qiymətli məsləhətlərinə və öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından bəhs edib. Ağsaqqalların gələcək fəaliyyətinə, eləcə də konfransın işinə uğurlar arzulayıb.
Sonra Sabirabad Rayon Ağsaqqallar Şurasının sədri Eyvaz Fərzəliyev təşkilatın fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulayıb ki, hesabat dövrü ərzində yerli təşkilatın üzvləri rayonda keçirilən bir çox tədbirlərdə iştirak və çıxışlar ediblər, şəhid ailələri və qazilərlə görüşlər keçiriblər, habelə gənclərlə aktual mövzularda maarifləndirici işlər apararaq, onların dövlətə, xalqa sədaqət və vətənpərvərlik ruhunda yetişmələri üçün əllərindən gələni əsirgəməyiblər. Eyvaz Fərzəliyev məruzəsinin sonunda rayon ağsaqqallarının öz üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaqlarını vurğulayıb.
Konfransda çıxış edən digər natiqlər də təşkilatın fəaliyyətindən bəhs ediblər. Həmçinin cəmiyyətimizdə mövcud olan problemlərə qarşı daha təsirli işlərin görülməsinin vacibliyini vurğulayıblar. Əmin olduqlarını bildiriblər ki, Sabirabad rayonunun ağsaqqalları bundan sonra da aktiv fəaliyyətlərini davam etdirəcəklər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov konfransda çıxış edərək tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Bildirib ki, hər zaman dövlətə sədaqətləri və aktiv fəaliyyətləri ilə seçilən Sabirabad ağsaqqalları və ziyalıları ilə növbəti dəfə görüşdüyü üçün çox məmnundur. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafından, dövlət başçısının uğurlu daxili və xarici siyasətindən ətraflı bəhs edib. Möhtərəm Prezidentimizin bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün qardaş Qırğız Respublikasına işgüzar səfərindən, səfər çərçivəsində cənab İlham Əliyevin keçirdiyi əhəmiyyətli ikitərəfli görüşlərdən, aparılan müzakirələrdən söz açıb. Vurğulayıb ki, ölkəmiz beynəlxalq müstəvidə fəal diplomatik mövqeyini yüksək səviyyədə nümayiş etdirir. Əhliman Əmiraslanov, həmçinin, öz fəaliyyətlərində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, tarixi irsini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini xalqımız arasında təbliğ edən, zəngin həyat təcrübələrindən, bilik və bacarıqlarından istifadə etməklə müxtəlif sahələrin inkişafına dəyərli töhfələr verən ağsaqqallarımızdan danışıb. Əmin olduğunu bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının üzvləri bundan sonra da möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək öz fəaliyyətlərini yüksək səviyyədə davam etdirəcəklər. Cəmiyyətimizdəki bəzi problemlərdən – boşanma hallarının artmasından, erkən nikahlardan, narkomaniyaya aludəçiliyin genişlənməsindən söz açan natiq vurğulayıb ki, bu problemlərə qarşı hər bir vətəndaş, xüsusilə ağsaqqallar öz maarifləndirici fəaliyyətləri ilə ciddi mübarizə aparmalıdırlar. Əhliman Əmiraslanov çıxışının sonunda Sabirabad Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş dəyərləndirərək, təşkilatın gələcəkdə öz işlərini daha aktiv şəkildə davam etdirəcəyinə əmin olduğunu bildirib və ağsaqqallara möhkəm cansağlığı, uzun ömür arzulayıb.
Sabirabadda keçirilən hesabat-seçki konfransında təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Eyvaz Fərzəliyevin namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Sabirabad Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və digər konfrans iştirakçıları yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.















