Xəbərlər

Şabran Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

May ayının 30-da Şabran Rayon Ağsaqqallar Şurasının hesabat  konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, Şabran Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov öz çıxşında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və tədbir iştirakçılarını salamlayıb, ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan bəhs edib. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara daim böyük ehtiramla yanaşdığını qeyd edən natiq vurğulayıb ki, mentalitetimizə çox bağlı olan Şabran əhalisi də ağsaqqal sözünə, ağsaqqal nəsihətinə və məsləhətinə böyük önəm verir. Problemlərin həllində əsas və son söz hər zaman ədalətli və müdrik ağsaqqal sözü olur. Şabranın inkişafında rayon sakinlərinin üzərinə düşən müəyyən vəzifələrdən söz açan Hüseyn İlyasov, həmçinin, gənclərimizin dövlətə, dövlətçiliyə və xalqa sədaqət, eləcə də milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda yetişdirilməsi işində ağsaqqallara həmişə böyük ehtiyacın duyulduğunu diqqətə çatdırıb.

Sonra Şabran Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasovun  görülən işlər barədə hesabat məruzəsi dinlənilib. Məruzədə hesabat dövrü ərzində Rayon Ağsaqqqallar Şurasının fəaliyyətindən ətraflı bəhs olunub. Vurğulanıb ki, Ağsaqqallar Şurasının üzvləri rayonda keçirilən, aktual məsələlərə həsr olunmuş bir çox iclaslarda, o cümlədən Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlərdə, şəhidlərimizin anım günlərində yaxından iştirak və çıxışlar ediblər. 2024-cü il fevral ayının 7-də keçirilən prezident seçkiləri kampaniyasında ağsaqqallar rayonda cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti barədə geniş təbliğat-təşviqat işləri aparıblar.  Gənc nəsil arasında milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz layiqli töhfələrini veriblər. Bəhlul Abbasov hesabat nitqinin sonunda vurğulayıb ki, rayon ağsaqqalları bundan sonra öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Doğma Şabranda növbəti dəfə ağsaqqallarla, ziyalılarla görüşdüyü üçün şad olduğunu bildirən natiq tariximizə qızıl hərflərlə yazılan, xalqımıza fəxarət və başucalığı gətirən möhtəşəm Zəfərdən, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı parlaq Qələbədən söz açıb. Hərb meydanında əldə etdiyimiz tarixi Zəfərin ardınca işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan dövlətinin qüdrətini, ölkə rəhbərliyinin siyasi qətiyyətini və xalqımızın əzmkarlığını göstərən genişmiqyaslı tikinti-bərpa və quruculuq işlərindən bəhs edib. Vurğulayıb ki, dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə işğaldan azad olunmuş rayonlarımızda hava limanlarının, xeyli sayda sosial və digər obyektlərin açılışı, yaşayış komplekslərinin, binaların inşa edilməsi, vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmaları hər kəsdə yüksək qürur hissi və işğaldan azad edilmiş bütün torpaqlarımızda çox zəngin mədəni həyat, yüksək sosial-iqtisadi tərəqqi olacağına qəti əminlik yaradır. Tahir Süleymanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın və qızları Arzu Əliyevanın mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşündən, dövlətimizin başçısının Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim etməsindən, habelə Xankəndidə Qarabağ Universitetinin yaradılmasından, artıq bu təhsil müəssisəsinə dövlət başçısı tərəfindən rektorun təyin olunmasından və professor-müəllim heyətinin formalaşdırılmasından da ətraflı söz açıb. Natiq onu da bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində  Qazaxın 4 kəndinin qaytarılması, həmçinin, bu kəndlərin artıq nəzarətə götürülməsi ilə bağlı Müzəffər Ali Baş Komandana məruzə edən Silahlı Qüvvələrimizin general-mayoru, Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi Vüsal Sultanovun əslən Şabran rayonundan olması bizə ikiqat qürur hissi yaşadır. Çıxışının sonunda  Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov təşkilatın hesabatını qənaətbəxş qiymətləndirib, lakin bununla yanaşı, öz təklif və tövsiyələrini də verib. Vurğulayıb ki, Rayon Ağsaqqallar Şurasının fəaliyyətini daha da canlandırmaq üçün təşkilatın İdarə Heyətinin üzvləri sırasına əhali arasında yüksək nüfuza və hörmətə malik olan, yeni, fəal üzvlər qəbul etmək lazımdır.

Konfransda çıxış edən digər natiqlər də Şabran Rayon Ağsaqqallar Şurasının üzvlərinin bu ahıl vaxtlarında böyük həvəslə həyata keçirdikləri işlərdən, onların hərtərəfli fəaliyyətindən bəhs ediblər. Həmçinin müəyyən məsələlər və onların həlli barədə fikir mübadiləsi aparıblar.

Hesabat konfransının sonunda bəzi təşkilati məsələlərə də baxılıb. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun irəli sürdüyü səmərəli təklif nəzərə alınaraq, təşkilatın İdarə Heyətinə yeni, nüfuzlu ağsaqqallar üzv qəbul ediliblər və Şuranın sədr müavini vəzifəsi Şabran rayonunun tanınmış ziyalısı Ağaşirin Bağırzadəyə həvalə olunub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.