Xəbərlər

Şabran Rayon Ağsaqqallar Şurasının seçki  konfransı keçirilib

İyul ayının 20-də Şabran Rayon Ağsaqqallar Şurasının seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov öz çıxşında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və digər tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan bəhs edib. Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara daim böyük ehtiramla yanaşdığını qeyd edən natiq vurğulayıb ki, adət-ənənələrimizə çox bağlı olan Şabran əhalisi ağsaqqal sözünə, ağsaqqal məsləhətinə böyük önəm verir. Sonra natiq konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq doğma Şabranda növbəti dəfə ağsaqqallarla, ziyalılarla görüşdüyü üçün şad olduğunu bildirib. Sonra natiq öz çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafındakı əvəzsiz rolundan ətraflı bəhs edib. Ulu Öndərin uğurlu siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam barpa etməsindən, Qarabağda və Şərqi Zəngəzurda gedən geniş quruculuq işlərindən, Böyük Qayıdışdan, eləcə də dövlət başçısının dünya liderləri ilə yaxın münasibətlərindən, Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzundan və ötən dövr ərzində əldə edilən digər nailiyyətlərdən geniş söz açıb. Vurğulayıb ki, hər zaman olduğu kimi bu gün də ağsaqqallarımız möhtərəm Prezidentimizi qətiyyətlə dəstəkləyirlər. Tahir Süleymanov, həmçinin, dövlətçiliyimizin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması, ailə institutunun möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin sağlam inkişafında ağsaqqalların rolunun əvəzsiz olduğunu vurğulayıb. Bildirib ki, ağsaqqallar daim dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıdırlar. Xüsusilə ailə dəyərlərinin təbliğ edilməsi və boşanmaların sayının minimuma endirilməsi üçün bir çox işlər və maarifləndirici söhbətlər, tədbirlər həyata keçirilməlidir.

Konfransda təşkilati məsələlər də müzakirə olunub. Şabran Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasov səhhətindəki problemlər səbəbindən təşkilatın sədri kimi fəaliyyətinə xitam verməsi ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə ərizə ilə müraciət etdiyi üçün həmin vəzifəyə rayonun nüfuzlu ağsaqqalı Adıgözəl Əliyevin namizədliyi irəli sürülüb. Vurğulanıb ki, rayonun ictimai-siyasi və mədəni həyatında uzun illər səmərəli fəaliyyəti ilə seçilən Adıgözəl Əliyev bu vəzifəyə ən layiqli namizəddir. Sonra açıq səsvermə yolu ilə Adıgözəl Əliyev Şabran Rayon Ağsaqqallar Şurasına sədr seçilib. Konfransda, həmçinin, rayonun nüfuzlu ağsaqqallarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. İdarə Heyətinin sıralarına dövlətçiliyə sadiq, ziyalı və ictimai fəal qadınlar da seçilib.

Konfransda bir daha çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Tahir Süleymanov və digər natiqlər yeni seçilən sədri və heyət üzvlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Yeni seçilmiş sədr Adıgözəl Əliyev ona və digər üzvlərə göstərilən etimada görə minnətdarlığını bildirib, rayon ağsaqqallarının fəaliyyətlərini daha da gücləndirəcəklərini, gənclərlə işi və maarifləndirmə tədbirlərini artıracaqlarını qeyd edib.

Konfrans bir sıra aktual məsələlərin və qarşıda duran vəzifələrin geniş müzakirəsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.