Beynəlxalq Ahıllar günü ilə əlaqədar oktyabr ayının 1-də Şabran şəhər Ağsaqqallar Evində Şabran Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şabran şəhər bələdiyyəsinin və Quba-Xaçmaz regional mədəniyyət idarəsi Şabran rayon sektorunun təşkilatçılığı ilə rayonun nüfuzlu ağsaqqal və ağbirçəklərinin iştirakı ilə bədii kompozisiyalı tədbir keçirilib.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şabran Rayon Ağsaqqallar Şurasının sədri Adıgözəl Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri İlkin Ağayev və Natəvan Mustafayeva, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağaşirin Bağırzadə, Şabran şəhər bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, mədəniyyət sektorunun müdiri Xalidə Əliyeva, eləcə də rayonun nüfuzlu ağsaqqal və ağbirçəkləri çıxış edərək vurğulayıblar ki, dövlətimiz ahıl vətəndaşlarımızın rifahının təmin olunması, sosial təminatlarının gücləndirilməsi, cəmiyyətə aktiv inteqrasiyası üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Tədbirdə, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, görkəmli ictimai-siyasi xadim Tahir Süleymanovun Beynəlxalq Ahıllar Günü münasibətilə mərasim iştirakçılarına, eləcə də rayonun ahıl şəxslərinə, ağsaqqal və ağbirçəklərinə təbriki çatdırılıb.
Tədbir rayonun mədəniyyət sektorunun musiqiçiləri tərəfindən maraqlı bədii proqramla davam etdirilib.
Tədbirdən sonra Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvlərinin, Rayon İcra Hakimiyyətinin və Şabran şəhər bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə rayonun Ağbaş kəndində Milli Qəhrəmanımız Samir Zülfüqarovun, habelə bir neçə şəhidin valideyni ilə görüş keçirilib.







