Fevral ayının 13-də Sabunçu Rayon Ağsaqqallar Şurasının bir qrup üzvü qardaş ölkədə çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ ilə bağlı Türkiyənin Bakıdakı səfirliyinin önündə yaradılmış guşənin qarşısına əklil və gül dəstələri qoyaraq, zəlzələ zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər. Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov (Qaraçaylı) qardaş ölkədə baş vermiş dəhşətli zəlzələ nəticəsində on minlərlə insanın həyatını itirməsindən və yaralanmasından dərindən kədərləndiklərini bildirib və uca Allahdan vəfat edənlərə rəhmət, yaralananlara şəfa diləyib. O, bu ağır hadisədən təsirlənərək qələmə aldığı və həlak olan qardaş, bacılarımızın əziz xatirəsinə həsr etdiyi “Deprem” (“Zəlzələ”) şeirini səfirliyin əməkdaşına təqdim edib və bu şeiri ziyarət zamanı səsləndirib:
Bəd xəbər sarsıtdı bütün dünyanı,
Diddi ürəyimi qəmim, qəhərim.
Bir anın içində xaraba oldu,
Gör neçə köylərim, neçə şəhərim.
Minlərlə can aldı yenə bu deprem,
Birdimi, beşdimi dərdin,Türkiyəm.
Sən dara düşəndə büdrəməyibsən,
Çətinə çox sinə gərdin, Türkiyəm.
Daşların altında qalan adamlar,
Kömək gözlədilər, ümid etdilər.
Kimləri qurtardıq uçqun altından,
Kimlərsə həyatdan köçüb getdilər.
Bu gün yaddaşlardan silinməyəcək,
Tarixə dönəcək bil innən belə.
Gecə də, gündüz də hey düşünürəm,
Nə yaxşı insanlıq ölməyib hələ.
Ürəyi yanmasa donan bir kəsə,
O kəs qaladığı ocaq sönərmiş.
Əgər mərhəməti olsa qəlbində,
Düşmən də dar gündə dosta dönərmiş.
Fəqirə, məzluma arxa durubsan,
Türkümün qeyrətli oğulu, qızı.
İsti nəfəsinlə sən əridibsən,
Xəbis ürəklərdə sırsıra buzu.
Ah çəkən analar, qardaş-bacılar,
Türkiyəm qanımdı, Türkiyəm canım!
Hər çətin günündə, çətin anında,
Sənin yanındadır Azərbaycanım!