Xəbərlər

SALEH ABDULLAYEV – 80

Yanvar ayının 16-da Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü,  M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının prorektoru Saleh Abdullayevin 80 yaşı tamam olur. Bu münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev İdarə Heyətinin üzvləri adından yubilyara təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

 Hörmətli Saleh müəllim!

Sizi – xalqımızın vətənpərvər ziyalısını, müdrik ağsaqqalı və alicənab şəxsiyyəti 80 illik şanlı Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, Vətənimizin tərəqqisi naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Sizin mənalı və zəngin ömür yolunuz Azərbaycan ziyalısının və əsl ağsaqqalın kamil obrazını parlaq şəkildə təcəssüm etdirir. Dünyaya göz açdığınız gündən bu günə qədər keçdiyiniz həyat və əmək yolu daim zəhmətkeşlik, prinsipiallıq, dövlətə və xalqa sədaqət nümunəsi olmuşdur. Hələ gənclik illərindən ölkəmizin bir sıra iqtisadi sahələrində yüksələn fəaliyyətiniz Sizin xüsusi  bacarığınızın, böyük təşkilatçılıq qabiliyyətinizin və dərin məsuliyyət hissinizin göstəricisidir.

2008-ci ildən etibarən M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında prorektor kimi fəaliyyətiniz ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris və elmi mühitin yüksək səviyyədə təşkili baxımından müstəsna əhəmiyyət daşıyır. Sizin peşəkar idarəçilik təcrübəniz universitetin stabil və dinamik inkişafında mühüm rol oynamışdır. Rusiya Federasiyası Mühəndislik Akademiyasının həqiqi üzvü kimi elmi-pedaqoji sahədəki nüfuzunuzla da böyük hörmət qazanmısınız.

Uzun illər ərzində Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində yaxından iştirakınız, təşkilatın nüfuzunun qorunması və möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində göstərdiyiniz ardıcıl səylər yüksək ehtiramla qarşılanır. Siz ağsaqqal müdrikliyi, təmkinli yanaşmanız və obyektiv mövqeyinizlə gənc nəslə hər zaman örnək olmusunuz. Bu gün də müdrik məsləhətləriniz, bilik və təcrübənizlə cəmiyyətimizə dəyərli töhfələr verməkdə davam edirsiniz.

Siz bütün fəaliyyətiniz boyunca Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideallarına dərin sədaqət nümayiş etdirmiş, bu dəyərli mənəvi xətti bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinə səmimi dəstəyinizlə davam etdirirsiniz. Azərbaycanın güclənməsi, cəmiyyətimizdə sabitliyin və həmrəyliyin qorunması naminə tutduğunuz mövqe hər bir vətəndaşımız üçün nümunədir.

Hörmətli Saleh müəllim!

Bu əlamətdar Yubiley münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm sağlamlıq, firavan həyat, ailə üzvlərinizin və doğmalarınızın əhatəsində xoş və mənalı ömür sürməyinizi diləyirik!

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor                                                                                                                                                                                    Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.