Dekabr ayının 1-də Samux Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb bölgəsi üzrə kuratoru Bayram Yusifov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər kompleksini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidlərimzin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra giriş nitqi ilə çıxış edən Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların fəaliyyətindən söz açıb, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Vurğulayıb ki, ölkəmizin hər bir yerində olduğu kimi Samux rayonunda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf prosesində, eləcə də hazırda uğurla fəaliyyət göstərən kadrların yetişdirilməsində ağsaqqalların böyük əməyi vardır. Natiq ağsaqqalların rayonun ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan ətraflı bəhs edərək gənclərin maarifləndirilməsində, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişdirilməsində ağsaqqallara hər zaman ciddi ehtiyacın olduğunu bildirib. Sonra Gəray Bayramov son zamanlar səhhətində yaranan problemlərlə bağlı fəaliyyətini davam etdirə bilmədiyi üçün tutduğu vəzifədən azad olunması ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə müraciət etdiyini vurğulayıb və onun müraciəti nəzərə alınaraq hazırda təşkilata yeni sədrin seçilməsi üçün konfransın keçirildiyini bildirib.
Daha sonra təşkilata yeni sədrin seçilməsi ilə bağlı müzakirələr aparılıb, “Əməkdar müəllim”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl Əli oğlunun namizədliyi irəli sürülüb. Qeyd edilib ki, səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülən, daim dövlətə və dövlətçiliyə sadiq olan, pedaqoji və istimai-mədəni fəaliyyəti ilə rayonun həyatında yaxından iştirak edərək əhali arasında böyük nüfuz və hörmət qazanan Fidayıl Əliyev bu vəzifəyə ən layiqli namizəddir.
Müzakirələrdən sonra açıq səsvermə yolu ilə Əliyev Fidayıl Əli oğlu yekdilliklə Samux Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev konfransda çıxış edərək Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayıb. Respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövlətçilik ənənələrinin milli-mənəvi dəyərlərimizə söykənərək keçdiyi tərəqqi yolundan və bu prosesdə ağsaqqalların mühüm rolundan hərtərəfli bəhs edib. Samuxda həyata keçirilən işlər barədə, eləcə də sakinlərin rifah halı, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan ətraflı söz açıb. Firdovsi Əliyev, həmçinin, ağsaqqalların daim rayonun ictimai-mədəni həyatında aktiv iştirak etdiklərini bildirərək Şuraya yeni sədrin seçilməsini müsbət dəyərləndirib. Fidayıl Əliyevə gələcək fəaliyyətində uğurlar arzulayaraq əmin olduğunu vurğulayıb ki, o, təşkilatın həyata keçirdiyi işləri yüksək səviyyədə davam etdirəcəkdir.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayaraq Samux Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar diləyib. Daha sonra natiq ağsaqqal sözünün əhəmiyyətindən, eləcə də Azərbaycanda və bütün Türk dünyasında ağsaqqalların yüksək nüfuzundan bəhs edib. Vurğulayıb ki, ağsaqqalın cəmiyyətdə, ailədə varlığı stabillik, inam və inkişaf deməkdir. Əgər ağsaqqal yerindədirsə, deməli hər şey qaydasındadır. Əsl ağsaqqalın insana xas bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyət olduğunu vurğulayan Bayram Yusifov Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın müdrik və unudulmaz ağsaqqalı olaraq ölkəmiz üçün gördüyü misilsiz işlərdən bəhs edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ulu Öndərin yolunu hər bir sahədə böyük nailiyyətlərlə davam etdirdiyini vurğulayıb. Sonra natiq Azərbaycan Ağsaqqallar Şurasının hazırkı fəaliyyətindən və gələcəkdə həyata keçiriləcək işlərdən söz açaraq bildirib ki, sıralarında 35 mindən çox vətəndaşımızı birləşdirən Şuranın hər bir üzvü, biz ağsaqqallar bundan sonra da dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu əhali arasında geniş təbliğ etməli, süni intellektin sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin hökm sürdüyü cəmiyyətimizi, xüsusilə gənc nəsli yad təsirlərdən, zərərli vərdişlərdən qorumalı, onları davamlı maarifləndirməli və sağlam həyat tərzini aşılamalıyıq. Bayram Yusifov, həmçinin, milli mentalitetimizə uyğun ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən lazımi işlərin, tədbirlərin həyata keçirilməsini, mütəmadi olaraq gənclərlə maarifləndirici söhbətlərin aparılmasını bu günün prioritet məsələsi hesab edib. Sonda natiq yeni sədrin rəhbərliyi ilə Samux Rayon Ağsaqqallar Şurasının daha aktiv fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirib və bütün ağsaqqallara möhkəm cansağlığı, iş avandlığı arzulayıb.
Samux Rayon Ağsaqqallar Şurasının üzvləri – şəhid atası İlham Məmmədov, Nizami Məmmədov, eləcə də YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və digər natiqlər konfransda çıxış edərək Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini təbrik ediblər, ona gələcək fəaliyyətində uğurlar diləyiblər.
Samux Rayon Ağsaqqallar Şurasının yeni sədri Fidayıl Əliyev ona göstərilən etimada görə hərə kəsə öz minnətdarlığını ifadə edib. Təşkilatın fəaliyyətini bundan sonra da uğurla davam etdirməsi üçün bilik və təcrübəsini əsirgəməyəcəyini bildirib.
Samux Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
- 03-12-2025
- [14:31]
- []
03
Dek






