Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son dövrdəki fəaliyyətləri ilə bağlı növbəti hesabat konfransları iyun ayının 13-də Şirvanda və Hacıqabulda keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, millət vəkili İltizam Yusifov, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən icra hakimiyyətlərinin başçıları Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayıblar. Ümummilli Lider Heydər Əliyevin hər zaman ağsaqqallara yüksək diqqət göstərməsindən bəhs edərək vurğulayıblar ki, hazırda bu ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ağsaqqallar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Natiqlər ağsaqqalların Şirvan şəhərinin və Hacıqabul rayonunun ictimai-siyasi və mədəni həyatında, həmçinin gənclərimizin maarifləndirilməsində yaxından iştirak etdiklərini bildiriblər. Konfransın işinə və Şuranın gələcək fəaliyyətinə uğurlar arzulayıblar, ağsaqqallara möhkəm cansağlığı diləyiblər.
Sonra Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fərəddin Rəhimov və Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzələr ediblər. Vurğulayıblar ki, müntəzəm olaraq şəhər və rayon iclaslarında iştirak və çıxışlar edən ağsaqqallar əhali ilə, o cümlədən şəhid ailələri və qazilərlə görüşlər keçirir, əsasən gənclərin maarifləndirilməsi, sakinlərin sosial-məişət problemlərinin həll edilməsi, əsrimizin bəlası olan narkomaniyanın, sürətlə artan boşanmaların, erkən nikahların qarşısının alınması istiqamətində fəaliyyət göstərirlər. Sədrlər, həmçinin, bildiriblər ki, bundan sonra da Şirvan şəhərində və Hacıqabul rayonunda aktiv şəkildə fəaliyyətlərini davam etdirəcəklər, Vətənimizin çiçəklənməsi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Onları qarşıdan gələn Qurban bayramı və Milli Qurtuluş Günü münasibətilə təbrik edib, göstərilən diqqət və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib. Bir daha qürur hissi ilə tədbir iştirakçılarına xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı böyük Zəfər, düşmənin torpaqlarımızdan qovulması, Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi yalnız ölkəmizdə deyil, yaşadığımız bütün bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə olub. 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror əməliyytlarında əldə etdiyimiz bu tarixi Qələbənin ardınca işğaldan azad olunmuş torpaqlarımızda böyük vüsətlə quruculuq işləri gedir, Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada və digər şəhərlərdə böyük əhəmiyyətə malik olan yerli və beynəlxalq tədbirlər keçirilir. Natiq, həmçinin, vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən genişmiqyaslı tikinti-bərpa və quruculuq işləri Azərbaycan dövlətinin qüdrətini, ölkə rəhbərliyinin siyasi qətiyyətini və xalqımızın əzmkarlığını göstərir. Tarixi Zəfərimizdən sonra dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə işğaldan azad olunmuş rayonlarımızda hava limanlarının, xeyli sayda sosial və digər obyektlərin açılışı, yaşayış komplekslərinin, binaların inşa edilməsi, “Böyük Qayıdış” proqramı çərçivəsində vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmaları hər kəsdə yüksək qürur hissi və bütün torpaqlarımızda çox zəngin mədəni həyat, yüksək sosial-iqtisadi tərəqqi olacağına qəti əminlik yaradır.
Azərbaycan Ağsaqqallar Şurasının gördüyü işlər barədə də ətraflı məlumat verən Əhliman Əmiraslanov bildirib ki, hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin zəngin irsini cəmiyyət arasında təbliğ Şura öz fəaliyyətini 2023-cü il – “Heydər Əliyev İli”ndə daha intensiv şəkildə həyata keçirib. Daim dövlət başçısı cənab İlham Əliyevi ürəkdən dəstəkləyən, respublikamızın çiçəklənməsinə çalışan, qədirbilən xalqımızın önündə gedən şəhər və rayon ağsaqqalları bu il fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Təbliğat-təşviqat, o cümlədən səsvermə prosesində fəal iştirak edərək Azərbaycanın alternativsiz Prezidenti, qalib xalqın qalib Lideri cənab İlham Əliyevi hərtərəfli dəstəkləyiblər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Qazaxın 4 kəndinin qaytarılmasından, tanınmış ictimai-siyasi xadimlərin, dövlət başçılarının Azərbaycana olan işgüzar və səmərəli səfərlərindən və digər nailiyyətlərimizdən də bəhs edib, COP29 kimi möhtəşəm bir tədbirin Bakıda keçirilməsini Azərbaycanın dünya ölkələri arasında böyük nüfuza sahib olduğunun daha bir sübutu kimi dəyərləndirib.
Şirvan şəhərinin və Hacıqabul rayonunun Ağsaqqallar Şuralarının hesabat dövrü ərzindəki fəaliyyətlərini yüksək qiymətləndirən Əhliman Əmiraslanov ağsaqqallarımıza gələcək işlərində davamlı uğurlar arzulayıb.























