İyul ayının 10-da Azərbaycan Ağsaqqallar Şurasının Siyəzən rayon təşkilatında hesabat-seçki, Xızı rayonunda isə hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, eləcə də rayon ağsaqalları, ziyalıları, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən icra hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və digər tədbir iştirakçılarını salamlayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başçılığı ilə ölkəmizin davamlı inkişaf prosesindən, əldə olunan uğurlardan, həmçinin ağsaqqallara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan ətraflı söz açıblar. Ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rolundan bəhs ediblər. Vurğulayıblar ki, milli mentalitetimizə və dəyərlərimizə daim bağlı olan Siyəzən və Xızı rayonlarının əhalisi ağsaqqal sözünə və öyüd-nəsihətinə böyük önəm verir. Natiqlər çıxışlarının sonunda hər iki rayonun ağsaqqallarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra Siyəzən Rayon Ağsaqqallar Şurasının sədri Qəzənfər Nəcəfov və Xızı Rayon Ağsaqqallar Şurasının sədri Fərrux Haqverdiyev hesabat məruzələri ilə çıxış edərək, İş planları əsasında həyata keçirilən fəaliyyətdən, rayon əhalisi, gənclər, eləcə də şəhid ailələri və qazilərlə keçirdikləri görüşlərdən və digər məsələlərdən söz açıblar. Gənclərə zərərli vərdişlərdən uzaq sağlam həyat tərzinin təbliğ olunmasından bəhs edərək, bu sahədə fəallığı artırmaqla maarifləndirmə işlərinin genişləndirilməsinin zəruriliyindən bəhs ediblər. Rayon ağsaqqalları adından onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Hesabat çıxışında Xızı Rayon Ağsaqqallar Şurasının sədri Fərrux Haqverdiyev müəllifi olduğu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Azərbaycan tarixinin şərəf günü” adlı kitabı haqqında da qısa məlumat verib. Bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının, Rayon İcra Hakimiyyətinin, YAP Xızı rayon təşkilatının dəstəyi ilə nəşr edilən və Ulu Öndərə olan böyük ehtiramı simvolizə edən bu kitab oxucunu, xüsusilə də gəncləri dahi şəxsiyyətin zəngin və çoxşaxəli fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri ilə geniş şəkildə tanış edir. Eyni zamanda gənc nəsildə milli qürur, Vətən sevgisi və dövlətçilik düşüncəsi formalaşdırmaq üçün bir mənbə rolunu oynayır.
Konfranslarda çıxış edən digər natiqlər də ağsaqqalların xalq arasında hər zaman nüfuzlu söz sahibi olduqlarını, Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi diqqət və qayğını hazırda ölkə Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyini xüsusi olaraq vurğulayıblar. Hesabatları qənaətbəxş qiymətləndirərək bildiriblər ki, respublikanın hər yerində olduğu kimi Siyəzən və Xızıda da Azərbaycanın tərəqqisi naminə həyata keçirilən bütün tədbirlərdə rayon ağsaqqalları yaxından iştirak edir, əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsində öz zəngin bilik və təcrübələrini əsirgəmirlər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarına salamlayıb. Ona doğma olan hər iki rayonda növbəti dəfə dəyərli ağsaqqallarla, ziyalılarla görüşdüyü üçün şad olduğunu bildirən natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən ətraflı bəhs edib. Həmçinin bu gün beynəlxalq səviyyədə gedən qlobal proseslərdən, dövlət başçısının bu proseslər fonunda həyata keçirdiyi yüksək fəaliyyətdən söz açıb. Vurğulayıb ki, hər zaman olduğu kimi, bu gün də biz möhtərəm Prezidentimizin ətrafında sıx birləşməli, öz səmərəli fəaliyyətimizlə onu dəstəkləməliyik. Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının qərarlarından irəli gələn öhdəliklərin həyata keçirilməsində ağsaqqalların üzərinə düşən vəzifələrdən də danışan Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov hər iki təşkilatın hesabatını qənaətbəxş qiymətləndirib və Xızı Rayon Ağsaqqallar Şurasının sədri Fərrux Haqverdiyev tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş kitabın nəşrini yüksək dəyərləndirib. Lakin bunlarla yanaşı vurğulayıb ki, ağsaqqallar xüsusilə gənclərimizlə daha çox iş aparmalı, əsrimizin bəlası olan narkomaniyanın, eləcə də gündən-günə artan boşanmaların, ailədaxili problemlərin və cəmiyyətimizdəki digər neqativ halların qarşısını almaq üçün əllərindən gələni əsirgəməməlidirlər. Çıxışının sonunda natiq ağsaqqalların hər birinə uzun ömür, möhkəm cansağlığı və gələcək fəalliyyətlərində uğurlar arzulayıb.
Siyəzən rayonunda keçirilən konfransda təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyasına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Qəzənfər Nəcəfovun namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Siyəzən Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
















