Xəbərlər

Sülhə imza atmayan Ermənistanda kənar güclərin iştirakı ilə hərbi təlimlərin keçirilməsi nədən xəbər verir?

“Sülhə imza atmayan Ermənistanda kənar güclərin iştirakı ilə hansısa hərbi təlimin keçirilməsi xoş məqsəd və məramdan uzaqdır”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ABŞ-la Ermənistan arasında keçrilən və hələ də davam edən təlimlər regiondakı sülh prosesinə yaxşı heç nə vəd etmir:

“Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən 4 illik bir zaman keçsə də, Ermənistan hələ də sülh müqaviləsi imzalamaq istəmir. Son bir ildə bu istqamətdə müəyyən irəliləyişlər baş versə də, ortada ciddi, fundamental nəticə yoxdur. Əksinə, biz 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın sürətlə silahlandığını, öz hərbi potensialını genişləndirdiyini görürük. Fransa, Hindistan kimi ölkələrdən xeyli miqdarda silah-sursat alan Ermənistan, xarici ölklərin hərbi təlimatçıları hesabına ordusunu yenidən formalaşdırmağa çalışır. Belə bir dönəmdə Ermənistanda bu ölkə ilə hansısa dövlətin birgə hərbi təlim keçirməsi xoş mərama xidmət etmir. Indiki situasiyada bu cür təlimlər Ermənistanın siyasi-psixoloji baxımdan sülh prosesindən uzaqlaşmasına xidmət edir.

Ümumiyyətlə, sülhdən danışan Ermənistanın kənar güclərlə birgə hərbi təlimlərə böyük maraq göstərməsi rəsmi İrəvanın xoş olmayan niyyətindən xəbər verir. Bu fakt bir daha onu göstərir ki, Ermənistanda revanşizm əhval-ruhiyyəsi hələ də davam edir və bəzi qüvvələr 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan status-kvonun yenidən dəyişə biləcəyinə ümid edir. Lakin bütün bu ümidlər əbəsdir. Azərbaycan 8 Noyabr zəfəri ilə yeni bir reallıq yaradıb və bu reallığı heç bir qüvvə dəyişə bilməz.

Militarizm siyasəti və revanşist düşüncə tərzi Ermənistana fəlakətdən başqa heç nə vəd etmir. Ona görə də, yaxşı olar ki, rəsmi İrəvan xam xəyallardan əl çəkərək Azərbaycanın sülh səylərini dəstəkləsin. Yalnız bu addım Ermənistanı yeni məğlubiyyətlərdən, iqtisadi kataklizmdən, sosial böhrandan xilas edə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.