Xəbərlər

Sumqayıt ağsaqqalları görülən işləri və qarşıda duran vəzifələri təhlil ediblər

 Sumqayıt Şəhər Ağsaqqallar Şurasında 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.

Yığıncaqda Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev,  Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov, eləcə də Şuranın sədr müavinləri, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, ərazi, idarə, müəssisə və təşkilat şuralarının fəalları, mətbuat nümayəndələri iştirak ediblər.

İclasda əvvəlcə gündəlikdə duran məsələ ilə bağlı Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyevin məruzəsi dinlənilib. Sonra məruzə ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, ötən il “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhərdə ağsaqqalların da yaxından iştirak etdiyi bir sıra işlər görülmüş, layihələr həyata keçirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhər sakinlərinin qarşılaşdığı bir çox problemlər öz həllini tapmış, o cümlədən bütün yaşayış binalarının dam örtükləri tam qaydaya salınmış, liftlər müasir səviyyədə yenidən qurulmuşdur.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov da öz çıxışında  bildirib ki, şəhərdə bütün sahələr üzrə dinamik inkişaf əldə olunmuşdur. Xüsusilə yaşıllıqların genişləndirilməsi, yol infrastrukturunun yenilənməsi və digər işlər şəhər rəhbərliyinin diqqətində saxlanılır. Təkcə ötən il yaşıllıq əraziləri altı min kvadratmetr genişləndirilmişdir. 2026-cı ildə də bu cür işlər mütəmadi olaraq davam etdiriləcək. Yaşayış massivlərində əlliyə yaxın abad məhəllənin salınması nəzərdə tutulmuşdur.

Yığıncaqda Sumqayıt şəhərində Ağsaqqallar Şurası ilə birgə görülən işlərdən də ətraflı bəhs olunub. Şəhərin ictima-siyasi və mədəni həyatında ağsaqqalların fəal rolundan söz açılıb. Zəngin həyat və iş təcrübəsinə malik olan insanlara daim ehtiyac olduğu bildirilib. Vurğulanıb ki, xalqımızın əbədiyaşar oğlu Heydər Əliyev ağsaqqallara daim dərin ehtiram bəsləyib, qayğı ilə yanaşıb və hazırda bu ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Tədbirdə 2026-cı ildə görüləcək işlərdən də söz açılıb. Həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə Şəhər Ağsaqqallar Şurasının birlikdə fəaliyyət proqramı və perspektivdə olan işlər nəzərdən keçirilib. Xüsusilə, narkomaniyaya qarşı mübarizə tədbirlərinin davamlı təşkili və bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi zəruri bir məsələ kimi qeyd edilib. Ərazilər üzrə Şəhər Ağsaqqallar Şurasının üzvlərinin fəaliyyətinin daha da gücləndirilməsi tövsiyə olunub.

Çıxış edən Şura fəalları respublikamızda, o cümlədən Sumqayıtda görülən işləri, eləcə də ağsaqqalların fəaliyyətini yüksək qiymətləndiriblər. Şəhərin inkişafına daim dəstək verən, şəhər sakinlərindən diqqət və qayğısını əsirgəməyən ölkə başçısı cənab İlham Əliyevə ağsaqqallar adından dərin minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.