Sumqayıt Şəhər Ağsaqqallar Şurasının binasında təşkilatın növbəti tədbiri keçirilib. Tədbirdə Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü Təbrik Quliyev, Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Şura sədrinin müavini Faiq İsmayılov və digər ağsaqallar iştirak ediblər.
Toplantıda çıxış edən Təbrik Quliyev təşkilatın ötən il ərzində gördüyü işlər barəsində ətraflı məlumar verib, qarşıda duran vəzifələrdən bəhs edib. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən bir çox əhəmiyyətli işlər nəticəsində Sumqayıt hərtərəfli inkişaf edir və biz ağsaqqallar da bu inkişaf prosesində kənarda qalmamağa çalışırıq. Belə ki, 2024-cü ildə Sumqayıt Şəhər Ağsaqqallar Şurasının üzvləri 76 tədbirdə yaxından iştirak etmiş, öz çıxışlarında əhalini narahat edən məsələlər barədə fikirlərini bildirmiş, səmərəli təkliflər irəli sürmüşlər. Bundan başqa, şəhər və ərazi təşkilatlarının üzvləri seçki kampaniyalarında, Sumqayıtın 75 illik yubiley tədbirlərində fəallıq göstərmiş, mütəmadi olaraq əhali, xüsusilə gənclərlə görüşlər keçirmiş və maarifləndirici söhbətlər aparmışlar. O, ağsaqqalların yanvar ayının 29-da keçiriləcək bələdiyyə seçkilərində də akitiv iştirak edəcəklərini vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də müzakirə olunan məsələrə öz münasibətlərini bildirmiş, Şuranın fəaliyyəti və qarşıda duran məsələlər barədə danışmışlar. Təşkilat tərəfindən ötən il ərzində həyata keçirilən işlər qənaətbəxş hesab edilmişdir.