Xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə növbəti tədbir keçirib

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Şəhər Ağsaqqallar Şurasının üzvləri və digər ictimaiyyət nümayəndələri ilə yanaşı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.

Tədbir iştirakçılarını salamlayan Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyə qarşı yönələn qəsdlərin qarşısının alınmasında rolu barədə çıxış edib. Vurğulayıb ki, Azərbaycanın taleyinin həll edildiyi ağır günlərdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizi məhv olmaq  təhlükəsindən xilas etdi və böyük tərəqqi yoluna çıxardı. Bu gün fəxrlə demək olar ki,  sarsılmaz əsaslar üzərində qurulan Azərbaycan dövləti Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında özünün yeni və müasir inkişaf dövrünü yaşayır. Təbrik Quliyev Azərbaycan Ağsaqqallar Şurası və onun yerli təşkilatları tərəfindən Ümummilli Liderin zəngin irsinin hər zaman cəmiyyətimiz, xüsusilə gənclər arasında təbliğ və təşviq olunduğunu qeyd edərək vurğulayıb ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər və layihələr həyata keçirir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov öz çıxışında qeyd edib ki, Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi uğurlar qazanmasına xidmət edib. Zakir Fərəcov Ulu Öndər Heydər Əliyev siyasi kursunun varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  həyata keçirilən uğurlu daxili və xarici siyasətdən də bəhs edib, qazanılan böyük nailiyyətlərdən söz açıb. Qeyd edib ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin möhtəşəm irsini və ideyalarını daim yaşadacaq və nəsillərdən nəsillərə ötürəcəkdir. Şəhər rəhbəri, həmçinin vurğulayıb ki, bu gün tarixi şöhrətini bərpa edən 74 yaşlı Sumqayıtın da müasir inkişafı vaxtilə Heydər Əliyevin yaratdığı möhkəm təməllərə əsaslanır. Ümumilikdə Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə 16 dəfə Sumqayıta səfər edib ki, bu da Ulu Öndərin şəhərimizə olan xüsusi diqqət və qayğısının göstəricisidir. Sumqayıtın bugünkü yüksəlişi Heydər Əliyev ideyalarının təntənəsinin təcəssümüdür və bu gün Sumqayıt artıq sözün əsl mənasında Ümummilli Liderimizin arzuladığı bir şəhərə çevrilib.

Tədbirdə çıxış edən digər natiqlər də bildiriblər ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Tariximizə qızıl hərflərlə həkk olunmuş müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək.
Diqqətə çatdırlıb ki, Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab  İlham Əliyev Azərbaycanın bügünkü və gələcək inkişafının təminatçısıdır. Onun rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Qeyd edək ki, hər zaman Ümummilli Lider Heydər Əliyev irsinin, onun həyat və fəaliyyətinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasındakı rolunun öyrənilməsi və təbliğ edilməsi işini yerinə yetirən Azərbaycan Ağsaqqallar Şurası  “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı hazırlayıb və bu plan üzrə paytaxtda, o cümlədən ölkəmizin şəhər və rayonlarında bir çox tədbirlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.