Xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının tədbiri keçirilib

Sumqayıt Şəhər Ağsaqqallar Şurasında İdarə Heyətinin üzvlərinin, ərazi, idarə, müəssisə və təşkilat ağsaqqallar şuralarının sədrlərinin, həmçinin Sumqayıt Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyəti üzvlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib. Gündəlikdə iki məsələ olub: YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi.

Şura sədri, YAP-ın VIII Qurultayının nümayəndəsi Eldar İsmayılov bildirib ki, qurultay ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir və ilk dəfədir Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilir. Möhtərəm Prezidentimiz, YAP sədri cənab İlham Əliyevin çıxışı strateji vəzifələri müəyyən edib: hərbi və iqtisadi qüdrətin artırılması, milli maraqların qorunması, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi, qarşıda duran hədəflərin reallaşdırılması. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin dəyişməz qaldığı vurğulanıb. Bu vəzifələrin icrasında ağsaqqalların zəngin təcrübəsi, nüfuzu və maarifləndirici fəaliyyəti mühüm rol oynayır; milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və ictimai həmrəyliyin gücləndirilməsi xüsusi qeyd olunub.

Müşavirədə hərbçilərin sosial müdafiəsi də geniş müzakirə edilib. Qeyd olunub ki, son illərdə aparılan sosial islahatlar nəticəsində hərbi qulluqçuların əməkhaqları və pensiyaları 2 dəfə artıb. Pensiya təminatında təkmilləşmə aparılır: pensiyalar fərdi şəxsi hesablardakı pensiya kapitalı və sabit aylıq əlavə əsasında təyin ediləcək, hər rütbə üzrə xidmətin son yaş həddi pensiya yaşı kimi müəyyənləşəcək. Yeni mexanizmin hərbçilərin pensiyasında azalma yox, artım gətirəcəyi bildirilib.

İkinci məsələ üzrə vahid məktəbli geyim formasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu forma təhsilalanlar arasında bərabərlik, nizam-intizam və vahid məktəb mühiti formalaşdırır, sosial-iqtisadi fərqləri və ayrı-seçkilik risklərini azaldır, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissini gücləndirir, məktəb-valideyn əməkdaşlığına töhfə verir. Dünyəvi təhsil prinsipi bütün şagirdlər üçün neytral və inklüziv mühit tələb edir. Məktəbli forması tədris prosesinə və yaş xüsusiyyətlərinə uyğun, rahat və praktik olmalıdır.

Eldar İsmayılov ağsaqqalları bu istiqamətdə maarifləndirmə və təbliğat işlərində fəal iştirak etməyə çağırıb, ailə, məktəb və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Tədbirdə qarşıda duran vəzifələrin icrasında ağsaqqalların ictimai fəallığının, vətəndaş məsuliyyətinin və maarifləndirici fəaliyyətinin artırılması zəruri hesab edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.