Xəbərlər

Suraxanı Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Sentyabr ayının 29-da Suraxanı Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil  Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, Suraxanı  Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, sədr müavinləri – Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının üzvü Hicran Şərifov və şəhid atası Əli Qasımov, eləcə də rayonun idarə və təşkilatlarının rəhbərləri,  idarə heyətinin, qəsəbə ağsaqqallar şurasının üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda canından keçən  şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdən, dövlətimizin artan qüdrətindən, ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunmasından danışıb. Bildirib ki, dövlət başçısının milli-mənəvi dəyərlərimizin qorunmasına, ağsaqqallara göstərdiyi yüksək diqqət və ehtiram cəmiyyətimizdə ağsaqqallıq institutunun nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Adil Əliyev Suraxanı Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirərək Şuranın rayonun ictimai-mədəni həyatında fəal iştirak etdiyini, milli-mənəvi dəyərlərin təbliğində, gənclərin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsində, nəsillərarası mənəvi bağlılığın möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb və ağsaqqallara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayevin hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində məruzəsi dinlənilib. Rayon Ağsaqqallar Şurasının üzvlərinin aktiv fəaliyyətindən bəhs edən natiq vurğulayıb ki, ağsaqqallar rayonda keçirilən tədbir və görüşlərdə yaxından iştirak və çıxışlar etmişlər, əsasən, gənclərlə maarifləndirici söhbətlər aparmış, onların dövlətçilik və vətənpərvərlik ruhunda yetişmələri üçün məsləhət və tövsiyələrini vermiş, şəhid ailələrinin üzvlərinə və qazilərə diqqət və qayğı ilə yanaşmış, onlara daim dəstək olmağa çalışmışlar. Arif Babayev çıxışının sonunda Suraxanı Rayon Ağsaqqallar Şurasının üzvlərinin bundan sonra da ağsaqqallıq vəzifələrini uğurla davam etdirəcəklərini vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov çıxışında tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb. Müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin dirçəlişində, ictimai-siyasi və sosial-iqtisadi inkişafında əvəzsiz rolundan söz açıb. Vurğulayıb ki, bugünkü qüdrətli və qalib Azərbaycan Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hazırda Ümummilli Liderimizin uğurlu siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf prosesi keçərək dünyanın  nüfuzlu və güclü dövlətləri sırasına yüksəlib. Natiq çıxışında ölkəmizdə ağsaqqallıq ənənələrinin qorunub yaşadılmasının, bu zəngin mənəvi irsin gələcək nəsillərə ötürülməsinin vacibliyindən də danışıb. Azərbaycan Ağsaqqallar Şurasının respublikanın ictimai həyatında fəal iştirakından, yerli şuraların fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs edib. Eldar İbrahimov Suraxanı rayon ağsaqqallarının fəaliyyətinə də toxunaraq onların ictimai təşəbbüslərdə, gənclərlə işdə və milli-mənəvi dəyərlərin təbliğində fəallığının əhəmiyyətini vurğulayıb. Rayon ağsaqqallarının fəaliyyətini qənaətbəxş qiymətləndirərək qeyd edib ki, şəhər və rayonlarımızda, eləcə də Suraxanıda ağsaqqallar hər zaman dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıdırlar. Ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün də bir çox işlər, eləcə də maarifləndirici söhbətlər, davamlı tədbirlər həyata keçirilməlidir. Sonda Eldar İbrahimov təşkilatın bundan sonra da rayonun ictimai-mədəni həyatına layiqli töhfələr verəcəyinə əminliyini bildirib və ağsaqqallara möhkəm cansağlığı, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Suraxanıda keçirilən hesabat-seçki konfransında təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Arif Babayevin namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Konfransın sonunda iştirakçılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ölkəmizin davamlı inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, eləcə də ağsaqqallara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.