01 sentyabr 2024-cü il tarixində ölkəmizdə tam şəffaf, demokratik və qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilən VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Ağsaqqallar Şurasının rəhbər şəxsləri – Şuranın sədri, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, akademik Əhliman Əmiraslanov, Şura sədrinin müavinləri – professor Eldar İbrahimov və Ağalar Vəliyev, habelə təşkilatın İdarə Heyətinin üzvü, akademik Ziyad Səmədzadə seçicilərin yüksək etimadı ilə yenidən parlamentə üzv seçilmişlər. Həmçinin yeni formalaşan Azərbaycan Respublikası Milli Məclisində Eldar Quliyev Hesablayıcı komissiyaya, Əhliman Əmiraslanov Səhiyyə komitəsinə, Eldar İbrahimov isə İntizam komissiyasına rəhbərlik edəcəkdir.
Suveren, müstəqil, əraziləri işğaldan tam azad olunmuş bütöv Azərbaycanda keçirilməsi ilə tarixi əhəmiyyət kəsb edən bu seçkilərdə millət vəkili adını qazanan bütün deputatlarımızı, xüsusilə də Azərbaycan Ağsaqqallar Şurasının parlamentdə təmsil olunan üzvlərini səmimi-qəlbdən təbrik edir, onlara Milli Məclisdəki gələcək fəaliyyətlərində davamlı uğurlar və möhkəm cansağlığı diləyirik!
Hörmətli deputatlarımız, dəyərli həmkarlarımız! Ömrünüzün bu müdriklik çağında bütün varlığınızla və ruhunuzla, daxildən gələn tükənməz enerji ilə çalışaraq, qarşıya qoyduğunuz saf və ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşaraq səmərəli ictimai-siyasi fəaliyyətinizi millət vəkili olaraq davam etdirmək əzminizi ürəkdən alqışlayır və sizə bu yolda yeni-yeni nailiyyətlər arzulayırıq! Biz əminik ki, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçən doğma Azərbaycanımızın gələcək tərəqqisi naminə məsuliyyətli və şərəfli parlament fəaliyyətinizdə zəngin təcrübənizi, bilik və bacarığınızı əsirgəməyəcəksiniz.
Tanrı Azərbaycanı və Sizləri qorusun!