Xəbərlər

Tərtərdə Ağsaqqallar Şurasının konfransı keçirilib

Tərtər, 23 iyun, AZƏRTAC

İyunun 23-də Tərtər rayonunda pandemiya dövrünün tələblərinə riayət olunmaqla Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Rayon Gənclər Mərkəzinin akt zalında davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin, Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin, həmçinin hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Respublika Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb. Natiq çıxışında Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib, yeni seçiləcək heyətə uğurlar arzulayıb.

Konfransda rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev çıxış edərək konfranslararası dövrdə görülən işlər barədə ətraflı hesabat verib.

Ağsaqqallardan Rauf Həsənzadə, Ələddin Süleymanov, Mənsim Allahverdiyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Sonda təşkilati məsələlərə baxılıb, Tərtər Rayon Ağsaqqallar Şurasının Əsasnaməsi təsdiq edilib. Məmmədov Faiq Mərdan oğlu Şuranın sədri, həmçinin İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibi seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.