Sentyabr ayının 24-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun 75 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tahir Süleymanovun ölkəmizin ictimai-siyasi həyatında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediməsi barədə Sərəncam imzalayıb. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Tahir müəllim!
Sizi – ömrünün kamillik zirvəsində olan görkəmli şəxsiyyəti, xalqına və dövlətinə xidmət duyğusunu hər şeydən üstün tutan müdrik ağsaqqalı, təvazökar və yüksək mənəviyyata malik etibarlı dostu 75 İllik Yubileyiniz və ölkəmizin ictimai-siyasi həyatında xidmətlərinizə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə Tanrıdan uzun ömür, möhkəm cansağlığı, sevinc dolu günlər və əmin-amanlıq arzulayırıq!
Siz qəlbi Vətəninə, millətinə, elinə-obasına sevgi ilə yoğrulmuş, əməlləri insanların daha firavan yaşaması uğrunda mübarizəyə köklənmiş vətənpərvər ziyalı, nüfuzlu ağsaqqalsınız. 20 illik səmərəli deputatlıq fəaliyyətiniz zamanı Milli Məclisdə bir çox mühüm qanunların qəbul edilməsində, o cümlədən komitələrin, parlamentlərarası işçi qruplarının və nümayəndə heyətlərinin işində yaxından iştirakınızla parlamentin fəaliyyətinə böyük töhfələr verərək, üzərinizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmisiniz. Azərbaycanın həlledici tarixi məqamlarında həmişə milli və dövlət maraqlarını üstün tutmuş, xalqa və Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirmisiniz, ölkə Prezidenti cənab İlham Əliyevin Vətənimizin gələcək tərəqqisinə, iqtisadi yüksəlişinə istiqamətlənmiş uğurlu siyasətini qətiyyətlə dəstəkləmisiniz. Tutduğunuz vəzifələrdəki uğurlu fəaliyyətiniz və fədakar əməyiniz dəfələrlə yüksək təltiflərlə – “Şöhrət”, 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, Rusiya Federasiyasının “Dostluq” medalı ilə, o cümlədən Türkiyə-Azərbaycan dostluq qrupundakı səmərəli fəaliyyətinizə görə medal və mükafatlarla, iki dəfə “Qızıl Buta” və H.Z.Tağıyev adına mükafatla, yubliley medalları və Fəxri fərmanlarla dəyərləndirilmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq Siz bu gün nümunəvi fəaliyyətinizlə xalqımıza, dövlətimizə böyük xidmətlər göstərir, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz. Azərbaycanın hər bir bölgəsində, xüsusilə də şimal bölgəsində böyük nüfuza və hörmətə malik ağsaqqal kimi regionun şəhər və rayonlarında Şuranın fəaliyyətinin yüksək səviyyədə həyata keçirilməsində mühüm rol oynayırsınız.
Hörmətli Tahir müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi əlamətdar Yubileyiniz və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif olunmağınız münasibətilə ürəkdən təbrik edir, cəmiyyətimiz üçün nümunə olan ömür yolunuzda və gələcək fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV