Sentyabr ayının 24-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, tanınmış ictimai-siyasi xadim, alicənab şəxsiyyət, gözəl həmkar, sədaqətli dost və səmimi insan Tahir Süleymanovun 76 yaşı tamam olur.
Həyatı boyunca daim ləyaqətli, nəcib və savab əməlləri ilə ucalan Tahir Süleymanov xalqını, dövlətini sevən, millətinin tərəqqisi üçün əlindən gələni əsirgəməyən vətənpərvər ziyalı, görkəmli ictimai-siyasi xadim, müdrik ağsaqqal kimi tanınır və qəbul edilir. Cəmiyyətimiz üçün dəyərli şəxsiyyətlərdən olan Tahir müəllim dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 20 il ərzində parlamentdə səmərəli fəaliyyəti ilə seçilmişdir. O, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olaraq bir çox önəmli məsələlərə dair qanunların müzakirəsində və qəbul edilməsində, həmçinin parlamentlərarası işçi qruplarının və nümayəndə heyətlərinin işində yaxından iştirakı ilə bu ali qanunverici orqanın fəaliyyətinə böyük töhfələr vermişdir. Bəhreyn, Çin, İsrail, İtaliya, Qazaxıstan, Niderland, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, habelə MDB-nin Parlamentlərarası Assambleyasında və NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi məhsuldar fəaliyyətini uzun müddət yüksək səviyyədə davam etdirmiş, həmçinin Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupuna uğurla rəhbərlik etmişdir.
Fəaliyyəti dövründə fədakar əməyi, intellektual səviyyəsi, yüksək insani keyfiyyətləri, işgüzarlığı və prinsipiallığı ilə hər kəsin etimadını doğruldan, insanlardan öz maddi və mənəvi dəstəyini əsirgəməyən Tahir Süleymanov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi bu gün də tükənməz enerji və həvəslə çalışır. Dövlətə və dövlətçiliyə öz sədaqəti ilə seçilən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov kuratorluq etdiyi şəhər və rayonlara mütəmadi səfərlər edir, orada görüş və tədbirlər keçirir, yerli təşkilatların fəaliyyətinin səmərəli şəkildə qurulması, habelə cəmiyyətin, xüsusilə gənclərin milli-mənəvi dəyərlərə bağlılıq, dövlətçilik ənənələrinə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyə olunması üçün öz əməyini əsirgəmir. Tahir müəllim həm də hazırda onun şərəfli və məsuliyyətli yolunu uğurla davam etdirən, Milli Məclisin deputatı Mahir Süleymanov kimi yüksək intellektli, nəcib və vətənpərvər ziyalı övlad yetişdirən qayğıkeş valideyn və gözəl ailə başçısıdır.
Tahir Süleymanovun həyata keçirdiyi uğurlu fəaliyyəti və fədakar əməyi dövlətimiz, həmçinin bir sıra xarici ölkələr və təşkilatlar tərəfindən dəfələrlə yüksək təltiflərlə – “Şöhrət”, 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Fəxri Ağsaqqal” döş nişanı, Rusiya Federasiyasının “Dostluq” medalı ilə, həmçinin Türkiyə-Azərbaycan dostluq qrupundakı səmərəli fəaliyyəti ilə əlaqədar bir sıra medal və mükafatlarla, 2 dəfə “Qızıl Buta” və H.Z. Tağıyev adına mükafatla, o cümlədən yubiley medalları, Fəxri fərmanlar və diplomlarla dəyərləndirilmişdir.
Bu xoş fürsətdən istifadə edərək Tahir Süleymanovu – həyatının kamillik zirvəsində olan müdrik ağsaqqalımızı, vətənpərvər ictimai-siyasi xadimi, gözəl insanı Ad Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanımızın daha da inkişafı naminə gördüyü bütün işlərdə davamlı uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV