İşğalçı ermənilər zaman-zaman İrəvan və Gəncə quberniyalarının, Şuşa, Cəbrayıl, Zəngəzurun 75 azərbaycanlı kəndini və digər azərbaycanlılar yaşayan kəndlərini talan ediblər, soyqırımı apararaq xalqa divan tutublar. 1988-ci ildən başlayaraq isə ermənilərin və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan təcavüz, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasına, şəhər və kəndlərin dağıdılmasına, dinc əhalinin genosidinə və eyni zamanda, bitki və heyvanlar aləminin məhv edilməsinə səbəb olub.
Hərbi münaqişə və müharibə yalnız Azərbaycan Respublikasının ərazisində aparıldığından atmosfer, su mənbələri və torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb. Meşələrdə nadir ağaclar yandırılıb. Erməni vandalları Qarabağ və Şərqi Zəngəzurda bulaqlarımızı, çaylarımızı qurudub, ümumiyyətlə flora və faunamızı məhv ediblər.
Eyni zamanda, təbii sərvətlər kobud şəkildə dağıdılıb, talan edilib. Bu azmış kimi, 44 günlük qələbəni həzm edə bilməyən xain, fitnəkar, nankor erməni şovinistləri Azərbaycan ərazilərində hazırda da işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən təbii sərvətlərimiz qanunsuz istismara məruz qalır və talan edilir. Həmin ərazilərin ətraf təbii mühitinə vurulan ziyan, eyni zamanda regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. Bu gün Azərbaycan ictimaiyyəti və fəallar öz ərazisində pozulan hüquqlarının bərpası uğrunda, beynəlxalq sənədlərdə, eləcə də milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından istifadəyə maneçilik törədənlərə qarşı etiraz edərək mübarizəyə qalxıblar.Tam haqlı olaraq, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Şuşa-Laçın yolunda aksiyaya başlayıblar. Onlar Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoyulmasını birmənalı tələb edirlər.
Hələ indiyəcən Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdə ətraf təbii mühitin mühafizəsinə dair qəbul olunan beynəlxalq normativ-hüquqi sənədlərə və qanunlara separatçılar tərəfindən əməl edilməyib, əksinə, davam etməkdədir. Qəsdən törədilən yanğınlar nəticəsində isə meşə və yaşıllıq massivləri yox edilib. İşğaldan azad edilən ərazilərdə monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin, meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin (daşınmasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus olan hərbi texnikadan istifadə edilib) bir daha bunun bariz nümunəsidir. Hazırda da xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların genişlənməsi müşahidə olunub.
Bu məqsədlə dekabrın 10-da Azərbaycan mütəxəssisləri faydalı qazıntıların qanunsuz istismar olunduğu Azərbaycan ərazisi olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına səfər etmək istəsələr də, sülhməramlılar tərəfindən buna süni əngəl törədildi. Separatçıların sərvətlərimizi talamasına, eləcə də ekologiyamıza qarşı həyata keçirdikləri terrora qarşı etiraz olaraq dekabrın 12-dən ekofəallarımız və QHT təmsilçilərimiz Laçın-Şuşa yolunda başlayan aksiyada Azərbaycan gəncləri, qeyri-hökumət təşkilatlarının fəalları, ictimaiyyət nümayəndələri və ekoloqların iştirakı ilə Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına qarşı soyqırımı həyata keçirilməsinə son qoyulmasını tələb edirlər. Dünya ictimaiyyətinin də diqqətini bu məsələyə biganə qalmamağa çağırırlar. Haqlı olaraq, bu vətənpərvərlər öz etirazları ilə xalqımızın böyüklüyünü, qürurluğunu, millətimizə olan haqsızlığa dözməyəcəklərini birmənalı nümayiş etdirirlər. Havaların şaxta və soyuq olmasına baxmayaraq, vətəndaşlarımız əzmkar və iradəli olduqlarını göstərirlər. Çünki onlar müharibədə Zəfər çalmış, qəti Qələbəyə nail olmuş bir xalqın nümayəndələridir və onların Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyev kimi qətiyyətli, iradəli rəhbəri var.
Separatçı rejimin Azərbaycan ərazilərində talançılıqla məşğul olmasına imkan verilməyəcək.
Nurəddin MƏMMƏDOV,
Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri,
professor