Xəbərlər

“Tezliklə bir çox tədbirlərimiz əzəli və əbədi Azərbaycan torpağı olan, üçrəngli bayrağımızın dalğalanacağı gözəl Xankəndimizdə dövlət himnimizin sədaları altında keçiriləcəkdir”

Bu fikri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev İçərişəhərdə ağsaqqallar arasında keçirilən nərd yarışmasının qaliblərinin mükafatlandırma mərasimində səsləndirib.

Qeyd edək ki, sentyabrın 12-dən İçərişəhərdə ağsaqqallar arasında keçirilən “Oyunçu aparsın” adlı nərd yarışması ayın 17-də başa çatıb.

Ağsaqqalların asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədilə keçirilən bu yarış həm sakinlər, həm də şəhərimizin qonaqları tərəfindən maraqla izlənilib. Tarixi, əyləncə və sağlam mübarizəni özündə birləşdirən bu maraqlı yarışda, ümumilikdə, otuz iki ağsaqqal olmaqla “İçərişəhər” Ağsaqqallar Şurasının üzvləri, o cümlədən İçərişəhərin, Bakının və Bakı kəndlərinin ağsaqqalları iştirak ediblər. Yarışmanın qalib və iştirakçıları mükafatlarla təltif olunublar.

Mükafatlandırma mərasimində Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev,  Gənclər və İdman naziri Fərid  Qayıbov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Vüqar Qurbanov, “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə, “İçərişəhər” Ağsaqqallar Şurasının sədri Teymur İslamzadə, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və digər rəsmi şəxslər  iştirak ediblər.

Tədbirdə çıxış edən Eldar Quliyev qalibləri təbrik edərək vurğulayıb ki, ağsaqqallar arasında keçirilən bu turnir bir daha Azərbaycanda  yaşlı nəslə göstərilən diqqətin təzahürüdür. Natiq əlavə edib ki, ümumiyyətlə,  tariximizin bütün mərhələlərində Azərbaycanda ağsaqqallar yüksək hörmət və nüfuz sahibi olmuş, cəmiyyətdə özünəməxsus yer tutmuşlar. Təsadüfi deyil ki, Ulu Öndərimiz Heydər Əliyev ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ağsaqqallara göstərilən bu qayğını daha yüksək səviyyədə davam etdirirlər.  Bu cür tədbirlərin çox təqdirəlayiq hal olduğunu qeyd edən Eldar Quliyev əmin olduğunu bildirib ki, tezliklə bir çox tədbirlərimiz, yarışlarımız və onların mükafatlandırma mərasimləri əzəli və əbədi Azərbaycan torpağı olan, üçrəngli bayrağımızın dalğalanacağı gözəl Xankəndimizdə dövlət himnimizin sədaları altında keçiriləcəkdir.

Turnir “İçərişəhər” Ağsaqqallar Şurası, “Üçüncü Bahar” İctimai Birliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşəbbüsü, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi, Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə təşkil edilmişdir.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.