Xəbərlər

Tovuz Rayon Ağsaqqallar Şurası şəhidlərimizin xatirəsinə həsr olunmuş futbol turnirinin təşkilatçısı olub

Tovuzda Rayon Ağsaqqallar Şurasının, Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  şəhidlərimizin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib. Tovuz Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Zeynalovun təşəbbüsü ilə baş tutan turnirin əsas məqsədi uşaq və gənclərlə bağlı bədən tərbiyəsi və idmanın inkişafı sahəsində aparılan uğurlu dövlət siyasətinə dəstək vermək olub. Bildiyiniz kimi, Azərbaycan Ağsaqqallar Şurasının da əsas fəaliyyət istiqamətlərindən biri gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, maarifləndirilməsi, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşdırılması, habelə onlara zərərli vərdişlərdən uzaq sağlam həyat tərzinin, idmanın təbliğ olunmasıdır. Bu nöqteyi-nəzərdən futbol turnirinin təşkili gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və sağlamlıq baxımından böyük önəm daşıyıb.

16 komandanın iştirak etdiyi və təxminən bir ay davam edən turnirin final qarşılaşması iyulun 8-də rayonun “Qovlar” və “Xatınlı” komandalarının arasında baş tutub. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov,  Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Zeynalov, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev, rayonun idarə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, futbol həvəskarları və gənclər iştirak ediblər.

Azərbaycanın bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra başalayan final oyunun əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Qalibin müəyyənləşməsi üçün vurulan penalti zərbələrində “Qovlar” komandası fərqlənərək qələbə qazanıb və turnirin qalibi olub. Beləliklə, 2-ci yeri  “Xatınlı” komandası tutub. 3-cü yerin sahibi isə “Bozalqanlı” komandası olub. İlk 3 yeri tutan komandalara kubok, medallar və hədiyyələr təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.