Xəbərlər

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycan Ağsaqqallar Şurasının qonağı olub

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Ağsaqqallar Şurasının qonağı olub.

Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Azərbaycan Respublikası Prezidentinin Türk Dövlətləri Təşkilatında səlahiyyətli nümayəndəsi, dövlət xadimi Həsən Həsənov, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavini, millət vəkili, professor Eldar İbrahimov, Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və başqaları iştirak ediblər.
Türk Dövlətlərinin Ağsaqqallar Şuraları arasında əlaqələrin mövcud vəziyyəti və bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələrin aparıldığı görüşdə Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının yaranma tarixindən, 78 şəhər və rayonda yerli təşkilatı olan Şuranın səmərəli fəaliyyətindən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ağsaqqallara və onların təmsil olunduğu Şuraya yüksək diqqət və qayğı nümayiş etdirdiyini bildirib. Vurğulayıb ki, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımın uğurla rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzv ölkələri ilə yaxın əməkdaşlıq əlaqələri həyata keçirilir və Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında tarixi “Bir millət, iki dövlət” ifadəsi bu gün daha da genişlənərək “Bir millət, altı dövlət” formasında öz təsdiqini tapıb.
Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurası tərəfindən 3 may 2023-cü ildə Bakı şəhərində Türk dünyası qarşısında əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və müasir Türk dünyası” adlı beynəlxalq konfransın keçirilcəyini və bu tədbirə dili bir, dini bir, əqidəsi bir olan qardaş türk dövlətlərindən nümayəndələrin dəvət edildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin, əmin olduğunu bildirib ki, Kubanıçbek Ömüralıyevin Baş katibi olduğu Türk Dövlətləri Təşkilatında təmsil olunan türkdilli ölkələrin və qardaş xalqların münasibətləri qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf edəcək, göstərilən səylər ölkələrimizin və xalqlarımızın rifahına öz müsbət təsirini göstərəcəkdir.
Görüşdə Əhliman Əmiraslanov və Həsən Həsənov qədim tarixə malik olan ağsaqqallıq institutunun bu gün Azərbaycanda öz vəzifəsini layiqincə yerinə yetirməsindən bəhs edərək, təşkilat tərəfindən görülən əhəmiyyətli işlərdən, genişləndirilən beynəlxalq əlaqələrdən söz açıblar. Azərbaycan Ağsaqqallar Şurasının sıralarında ölkənin görkəmli ictimai-siyasi və elm xadimlərinin, tanınmış mədəniyyət və incəsənət nümyəndələrinin, nüfuzlu ağsaqqalların təmsil olunduqlarını və aktiv fəaliyyət göstərdiklərini qeyd ediblər.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev səmimi qəbula və maraqlı mövzuların müzakirə olunduğu söhbətə görə təşəkkür edərək, qardaş türk xalqları arasındakı tarixi yaxınlıqdan, dostluq münasibətlərindən söz açıb. Azərbaycan Ağsaqqallar Şurasının təşkilat olaraq geniş və səmərəli fəaliyyətini çox bəyəndiyini vurğulayaraq, bu təşkilatlanmanın digər ölkələrdə də həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Türk Dövlətləri Təşkilatının hər bir işdə qardaş respublikaların Ağsaqqallar Şuralarını dəstəkləməyə hazır olduğunu bildirib.
Baş katib Azərbaycan Ağsaqqallar Şurasında yaradılan şəraitlə tanış olduqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.