Oktyabr ayının 14-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri – Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Şamil Ayrım, TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri, professor Mahmut Özer, Türkiyə – Şimali Kipr Türk Cümhuriyyətinin Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, professor Orhan Erdem, eləcə də Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı və başqaları Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi ilə görüşüblər.
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı, Şura sədrinin birinci müavini, millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili Ağalar Vəliyev, akademik Abel Məhərrəmov, professor Vahid Novruzov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, akademik Ziyad Səmədzadə, millət vəkili Anar Məmmədov, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və digər rəsmi şəxslər iştirak ediblər.
Eldar Quliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərini və digər görüş iştirakçılarını salamlayaraq, onları növbəti dəfə Azərbaycan Ağsaqqallar Şurasında görməkdən məmnun olduğunu bildirib. Vurğulayıb ki, iki qardaş ölkə, o cümlədən dövlət başçıları – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında mehriban dostluq, qardaşlıq münasibətləri, yüksək səviyyəli səfərlər və qarşılıqlı etimad əlaqələrimizin gündən-günə yüksələn xətlə daha da inkişaf etməsində mühüm rol oynayır. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük miqyasda bərpa və quruculuq işlərinin aparıldığını, həmvətənlərimizin mərhələli şəkildə öz dogma yurdlarına – Qarabağa, Şərqi Zəngəzura qayıtdıqlarını qeyd edən natiq Azərbaycanın bu haqq-ədalət savaşında ölkəmizə ən böyük dəstək verən qardaş Türkiyənin olduğunu bir daha xatırladıb. O, həmçinin, Şimali Kipr Türk Cümhuriyyəti ilə yaxın münasibətlərdən də söz açıb. Sonra Eldar Quliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkillərinin qardaş ölkənin tərəqqisi, o cümlədən Azərbaycanla əlaqələrin inkişafı və Türk birliyinin möhkəmləndirilməsi yolunda uğurla fəaliyyət göstərdiklərini vurğulayıb. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərini və Türk dünyasında ağsaqqallar institutunun inkişafına verdiyi töhfələri nəzərə alaraq Türkiyə Böyük Millət Məclisinin üzvlərinin “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilmələri barədə əmrin mətnini görüş iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərinə – Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma, TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özerə, Türkiyə – Şimali Kipr Türk Cümhuriyyətinin Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Orhan Erdemə “Fəxri Ağsaqqal” döş nişanlarını təqdim edib.
Türkiyə Böyük Millət Məclisinin üzvləri onlara göstərilən yüksək diqqət və etimada görə öz minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycanla Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətlərinin daim inkişaf etdirilməsi üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.
Görüş iştirakçıları qardaş ölkənin millət vəkillərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar azrzulayıblar.
Sonda xatirə şəkli çəkdirilib.