Xəbərlər

Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Ağsaqqallar Şurasının qonağı olub

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Azərbaycan Ağsaqqallar Şurasının qonağı olub.
Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə yanaşı, Şura sədrinin birinci müavini, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev və başqaları iştirak ediblər.
Səmimi şəraitdə keçən söhbət zamanı qardaş Türkiyənin Böyük Millət Məclisinin nümayəndə heyətinin üzvləri ilə  Azərbaycan Ağsaqqallar Şurasında görüşdükləri üçün məmnun olduğunu bildirən Eldar Quliyev prezident seçkilərinin tarixi əhəmiyyətindən söz açıb. Ölkəmiz müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq seçkilərin bütün suveren Azərbaycan üzrə keçirildiyini və işğaldan azad edilmiş şəhər və rayonlarımızı əhatə etdiyini bildirib. O, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailə üzvləri birlikdə Xankəndi şəhərində səs verməsinin böyük rəmzi məna daşıdığını qeyd edib. Bununla bütün dünyaya bir daha bəyan edildi ki, Azərbaycan erməni işğalına birdəfəlik son qoyaraq öz doğma torpaqlarında ədaləti və vətəndaşlarının tapdalanmış hüquqlarını bərpa edib. Eldar Quliyev bütün Azərbaycan xalqı kimi, Qarabağ və ətraf rayonların əhalisinin də seçkilərdə yüksək fəallıq və böyük coşğu ilə iştirak etdiyini vurğulayıb. Görüş zamanı Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindən, o cümlədən Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzv ölkələri ilə həyata keçirilən yaxın əməkdaşlıq əlaqələrindən də bəhs edən natiq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkələrimizin və xalqlarımızın dostluğu və qardaşlığı bundan sonra da uğurla davam edəcəkdir.
Azərbaycan Ağsaqqallar Şurasında onları belə səmimi və qonaqpərvərliklə qəbul etdikləri üçün öz minnətdarlıqlarını bildirən Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri Şamil Ayrım və digər üzvlər bildiriblər ki, Azərbaycanda keçirilən prezident seçkiləri yüksək səviyyədə və beynəlxalq standartlara uyğun şəkildə təşkil edilmişdi. Onlar tam azad, şəffaf və demokratik şəraitdə, həmçinin seçici fəallığı ilə keçirilən seçkiləri rahat şəkildə izləyə bildiklərini vurğulayıblar. Bütün suveren Azərbaycanı, doğma Qarabağımızı, işğaldan azad edilmiş ərazilərimizi əhatə edən və ölkəmizin demokratik inkişaf tarixinə daha bir möhtəşəm səhifə kimi yazılan uğurlu prezident seçkiləri ilə bağlı xalqımızı ürəkdən təbrik ediblər.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub və şəkillər çəkdirilib.

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.