Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini Əhliman Əmiraslanov və Azərbaycan Ağsaqqallar Şurasının sədrinin müavini Eldar İbrahimov Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Heyəti Başkanı seçilməsi münasibətilə noyabr ayının 16-da qardaş Türkiyənin tanınmış ictimai-siyasi xadimi Binəli Yıldırıma təbrik məktubu ünvanlayıblar.
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Heyəti Başkanı Binəli Yıldırım Ağsaqqllar Şurasının rəhbərliyinə cavab məktubu yazıb
Noyabr ayının 19-da Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Heyəti Başkanı Binəli Yıldırım cənabları Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi tərəfindən ona ünvanlanan təbrik məktubuna cavab yazaraq göstərilən diqqətə görə öz dərin minnətdarlığını bildirib.
Əlaqələrimizin daha da gücləndirilməsi və səmərəli müstəvidə inkişaf etdirilməsi üçün yaxın zamanlarda Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Heyəti Başkanı Binəli Yıldırım cənabları qarşılıqlı dəvət əsasında Azərbaycanda və Türkiyədə görüşlər keçirəcəklər. Bundan başqa Türk Dövlətləri Təşkilatının digər üzvlərinin Ağsaqqallar Şuralarının sədrləri ilə də həm ayrı-ayrılıqda, həm də birgə görüşlərin keçiriləcəyi planlaşdırılır. Bu görüşlərdə bir sıra mühüm məsələlər müzakirə ediləcək, təşkilatların gələcək fəaliyyətləri ilə bağlı konsepsiyalar hazırlanacaqdır. Davamlı tərəqqiyə nail olmaq üçün atılacaq addımlar ümumi işbirliyi ilə daha müsbət istiqamətdə yönləndiriləcəkdir. Keçiriləcək görüşlər barədə əlavə məlumat veriləcəkdir.