Xəbərlər

Uzunömürlülər diyarı Lerikdə Ağsaqqallar Şurasının konfransı keçirilib

May ayının 31-də Lerikin Heydər Əliyev Mərkəzində Rayon Ağsaqqallar Şurasının Müstəqillik Gününə həsr edilmiş konfransı keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, professor Elmira Süleymanova, Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Respublika Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransdan öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini, “Şəhidlər” abidə-kompleksini və şəhid, “Vətən Müharibəsi Qəhrəmanı” Amid Heydərovun büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.
Rayonun Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev bildirib ki, yaradılmasının 104-cü ildönümünü qeyd etdiyimiz müstəqil və suveren Azərbaycan Demokratik Respublikasının arzu və idealları ulu öndər Heydər Əliyevin güclü strategiyası ilə həyata keçirilən uğurlu siyasət nəticəsində reallığa çevirilib. Bu gün həmin strategiyanı dövlət başçısı cənab İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Azərbaycan artıq xarici ölkələr üçün etibarlı tərəfdaş və regionda söz sahibi olan ölkədir. Natiq Lerik ağsaqqallarının hər zaman rayonun ictimai-siyasi həyatında fəal mövqe tutduqlarını, gənclərin dövlətçiliyə bağlılıqları, vətənpərvər ruhda tərbiyə olunmaları və maariflənmələri istiqamətində üzərlərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirdiklərini qeyd edib.
Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, şəhid atası Rəbbil Heydərov və Rayon Ağsaqqallar Şurasının üzvü Gültəkin Şıxəliyeva çıxışlarında tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edərək bildiriblər ki, müstəqillik xalqın sərvətidir, onu qorumaq hər bir vətəndaşın mənəvi borcudur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədə rayon gənclərinin də böyük payı olduğunu, eləcə də bu möhtəşəm Zəfərdə ağsaqqallarımızın mənəvi dəstəyinin və öyüd-nəsihətlərinin yüksək önəm daşıdığını vurğulayıblar.
Elmira Süleymanova uzunömürlülüər, mərd və vətənpərvər oğullar diyarı olan Lerik əhalisini Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, əhatəli və maraqlı nitqində zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyətlərindən bəhs edib. Vurğulayıb ki, ikinci dəfə müstəqillik qazanıldıqdan sonra böyük problemlər yaşayan, dağıntılara, xaosa, özbaşınalıqlara məruz qalan Azərbaycanı xilas etmək üçün xalqımızın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev sözün əsl mənasında müstəqilliyin əsasını qoydu, onun itirilməsinin qarşısını aldı, qorunmasını və inkişafını təmin etdi.
Elmira xanım ötən əsrin 90-cı illərinin əvvəlində 85 faizlik yoxsulluq həddində olan xalqımızı bu bəladan da Ulu Öndərin xilas etdiyini – onun təşəbbüsü və iştirakı ilə 1994-cü ilin sentyabr ayında Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında əsrin neft müqaviləsinin bağlandığını, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salındığını və bunun nəticəsində ölkəyə daxil olan valyuta hesabına bütün sahələrdə inkişafın başlandığını xatırladıb. Qeyd edib ki, bu işlərin öhdəsindən yalnız Heydər Əliyev kimi böyük şəxsiyyət gələ bilərdi. Çünki malik olduğu yüksək intellekti və idarəçilik istedadı ilə yanaşı, Ümummilli Lider Azərbaycandan kənarda da böyük nüfuz və hörmət sahibi idi.
O, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən, dahiyanə siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin dünyanın inkişaf etmiş dövlətlərindən birinə, hər bir sahədə qalib ölkəyə çevrilməsindən danışıb. Torpaqlarımızı zəbt edən erməni işğalçıları ilə mübarizədə qazanılan ilk zəfərdən – Lələtəpə qələbəsindən söhbət açan Elmira xanım vurğulayıb ki, bu qalibiyyət Ordumuza və bütün Azərbaycan xalqına böyük ruh, yenilməzlik əhval-ruhiyyəsi bəxş edib. O, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun haqq savaşında, 44 günlük Vətən müharibəsində, o cümlədən Şuşanın alınmasında göstərdiyi qəhrəmanlıqları iftixar hissi ilə tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Öz nitqində Azərbaycanda şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıdan söz açan Elmira Süleymanova bu sahədə ağsaqqalların da göstərdiyi mənəvi dəstəkdən bəhs edib. O, Azərbaycan Ağsaqqallar Şurasının hazırladığı ideoloji fəaliyyət konsepsiyasına dair sənədi və 2022-ci ilin İş Planını təqdim edərək, bir daha ağsaqqalların qarşısında duran vəzifələrdən danışıb və nəsillərarası körpülərin qurulması zərurəti, gənclərin sağlam həyat tərzində, vətənpərvərlik və ictimai fəallıq ruhunda yetişməsi ilə bağlı kütləvi, geniş maarifləndirmə işlərinin gücləndirilməsini tövsiyə edib.
Konfrans iştirakçıları maraqlı və əhəmiyyətli tədbirin keçirilməsinə görə öz minnətdarlıqlarını bildirərək, Azərbaycan Ağsaqqallar Şurası ilə daha sıx əməkdaşlıq edəcəklərini qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.