Fevral ayının 10-da Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, dəyərli ziyalı, müdrik ağsaqqal Vəliyəddin İsmayılovun 80 yaşı tamam olur.
Gənc yaşlarından sadə zəhmətdən başlayan əmək fəaliyyəti, işgüzarlığı və bacarığı sayəsində Vəliyəddin müəllim daim ucalaraq rəhbər vəzifələrdə fəaliyyətini uğurla davam etdirmiş, yalnız Kəlbəcər rayonunun əhalisi arasında deyil, bütün Azərbaycanda böyük hörmət və nüfuz sahibi olmuşdur. Onun səmərəli fəaliyyəti, təmkini, tələbkarlığı və nikbinliyi çoxları üçün örnək sayıla bilər.
Yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik Vəliyəddin İsmayılov bədii yaradıcılıqla da məşğul olur. 250-dən çox məqalə və publisist yazıların müəllifi olan Vəliyəddin müəllim otuzdan çox kitabda xatirə yazıları, hekayələri, xalqımızın qədim adət-ənənələri, faktlar və ədəbi mühit haqqında yazıları dərc olunmuşdur. Bir sıra qoşmaları və nəsihətamiz, yumoristik şeirləri də var. Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi “Qızıl qələm”, “Hacı Zeynalabidin Tağıyev adına” və “Qarabağ Xeyriyyə Cəmiyyəti”nin mükafatlarına layiq görülüb.
Fəaliyyəti dövründə hər zaman Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətini dəstəkləyib. Vətəninə, xalqına, soy-kökünə çox bağlı olan Vəliyəddin İsmayılov hazırda Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri kimi ölkəmizin ictimai-mədəni həyatında yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə böyük töhfələr verir.
Vətənpərvər ziyalı, dəyərli ictimai xadim və müdrik ağsaqqal Vəliyəddin İsmayılovu 80 İllik Yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor Eldar QULİYEV