Sədr muavinləri

Vəliyev Ağalar İsrəfil oğlu

Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci il iyulun 23-də Azərbaycan Respublikasının Yevlax şəhərində anadan olmuşdur. 1963-1973-cü illərdə Yevlax şəhərinin 2 və 8 saylı məktəblərində orta təhsil almış, 1973-cü ildə Mingəçevir Politexnik Texnikumunun “Sənaye və mülki tikinti” fakultəsinə daxil olmuş və 1976-cı ildə həmin texnikumu bitirmişdir.

Ağalar Vəliyev əmək fəaliyyətinə 1976-cı il martın 26-da Yevlax Dəmir-Beton Məmulatları zavodunda III dərəcəli fəhlə kimi başlamışdır. 1976-cı ilin may ayından 1978-ci ilin may ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Yevlax Dəmir-Beton Məmulatları zavodunda texnik-laborant, laboratoriya mühəndisi, texniki-istehsalat şöbəsinin rəisi, baş mühəndis, direktor əvəzi və direktor vəzifələrində işləmişdir.

1983-cü ildə Ağalar Vəliyev Azərbaycan İnşaat  Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakultəsinə  daxil olmuş və 1989-cu ildə həmin institutu “İnşaatçı-mühəndis” ixtisası üzrə bitirmişdir.

Ağalar Vəliyev 1991-ci ildə “Azəravtoyol” İstehsalat Birliyinin Yevlax Körpütikinti Kombinatının baş direktoru vəzifəsinə, 1993-cü ildə isə Yevlax 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 19 iyun 1996-cı il tarixli Sərəncamı ilə A.Vəliyev “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə  təyin  olunmuşdur.

“Tikinti kompleksinin  inhisarlaşdırılması  və  özəlləşdirilməsi  tədbirləri  haqqında”  Azərbaycan Respublikasının  Prezidentinin    02  dekabr 1997-ci  il  tarixli  646  saylı  Fərmanının  icrasına  uyğun  olaraq  A. Vəliyev  01  mart  1998-ci  il  tarixindən  “Azəraqrartikinti”  Dövlət  Şirkətinin bazasında  yaradılmış   “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin  İdarə  Heyətinin sədri  vəzifəsinə  seçilmişdir.

Ağalar Vəliyev  ölkənin  inşaat-tikinti  sektorunda özünəməxsus  yeri  və  böyük  nüfuzu  olan “Azəraqrartikinti” ASC-yə rəhbərlik  etdiyi  illər  ərzində  Bakı  şəhərində  və  respublikanın  rayonlarında   yüzlərlə  müxtəlif  təyinatlı  tikililər,  binalar, qurğular  inşa  edilmiş, bir sıra  strateji  əhəmiyyətli  obyektlər  və  avtomobil  yolları  istismara  verilmişdir.

Bu  obyektlərin  bir  çoxlarının  açılışında  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  şəxsən  iştirak  etmiş  və  görülən  işləri  yüksək  dəyərləndirmişdir.

2010-cu ilin noyabr ayında Ağalar Vəliyev Yeni Azərbaycan Partiyasından irəli sürülən namizəd kimi 11 saylı Qaradağ Seçki Dairəsindən IV çağırış, 2015-ci ilin noyabr ayında V çağırış, 2020-ci ilin fevral ayında isə 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Hazırda Ağalar Vəliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,  Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Russiya parlamentlərarası komissiyanın həmsədr müavini, TÜRK PA-da və ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü,   Türkiyə,  Özbəkistan, Belarus və digər ölkələrin parlamentləri ilə dostluq qruplarının üzvü, 2023-cü il noyabrın 27-dən isə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinidir.

Ağalar Vəliyevin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş, 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə “Şöhrət”,  20 iyul 2017-ci il tarixli Sərəncamı ilə    2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 27 may 2019-cu il tarixli Sərəncamı  ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” və 02 fevral 2024-cü il tarixli Sərəncamı  ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalları ilə təltif olunmuşdur.

Evlidir, bir oğlu var.