Xəbərlər

Vətən müharibəsi şəhidi mayor Əsgərov Rüfət Mürvət oğlunun doğum günündə xatirəsi anılıb

Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələn mayor Rüfət Əsgərovun 45 yaşının tamam olması ilə əlaqədar 29 avqust tarixində II Şəhidlər Xiyabanında xatirəsi yad olunub.

Anım mərasimində şəhidin atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərovla yanaşı, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Hicran Şərifov, eləcə də şəhidin ailəsi, dostları, döyüşçü və hərbçi yoldaşları, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları, Xətai Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları II Fəxri Xiyabanda dəfn olunan qəhrəman şəhidimizin qəbrini ziyarət edərək, ruhuna dualar oxuyublar, məzarı üzərinə gül dəstələri düzüblər. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ziyarət zamanı çıxış edənlər şəhid zabitin şərəfli həyat yolundan, onun torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşməsindən, cəsarət və qorxmazlığından, Vətəninə, torpağına, elinə-obasına bağlılığından danışıblar. Rüfət Əsgərov kimi vətənpərvər oğullarımızın xalqımızın yaddaşında əbədi yaşayacağını və onun kimi igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğunu vurğulayıblar.

Şəhidin atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov çıxış edərək oğlu ilə bağlı xatirələrindən danışıb. Rüfətin xatirəsini əziz tutduqlarına və göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə, Xətai Rayon İcra Hakimiyyətinə və bütün ziyarət iştirakçılarına dərin minnətdarlığını bildirib.

Sonra Anım mərasimi ehsan süfrəsi arxasında davam etdirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.