Abşeron rayonu Saray qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidi Rauf İbadovun anadan olmasının 30-cu ildönümü qeyd edilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Rizvan Nəbiyev və Zaur Şükürov, eləcə də şəhid Rauf İbadovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, Abşeron Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, şəhid Vidadi Zalovun atası Nizami Zalov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin şəhid ailələrinin üzvləri, qazilər, idarə və müəssisələrin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Saray qəsəbəsi Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Rauf İbadovun və digər şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Daha sonra tədbir ehsan süfrəsi arxasında davam etdirilib. Tədbirdə çıxış edən Abşeron Rayon İH-nin başçısı Abdin Fərzəliyev, millət vəkilləri, Azərbaycan Ağsaqqallar Şurasının nümayəndələri və digər natiqlər şəhid Rauf İbadovun qısa, lakin şərəfli həyat yolundan, Vətənə və xalqa sədaqətindən, qəhrəmanlığından söz açıblar. Bildiriblər ki, onun döyüş meydanında göstərdiyi mərdlik və fədakarlıq gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Çıxışlarda, həmçinin, vurğulanıb ki, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə Azərbaycan Ordusunun gücü, Xalq – Ordu birliyi və şəhidlərimizin misilsiz qəhrəmanlığı sayəsində mümkün olub. Könüllü olaraq müharibəyə qatılmış qəhrəman şəhid Rauf İbadov da bu müqəddəs yolda canını fəda edərək adını xalqımızın yaddaşına əbədi həkk edib. Natiqlər Rauf İbadovun rəssamlıq fəaliyyətindən də söz açaraq çəkdiyi rəsm əsərlərinin əksəriyyətinin vətənpərvərlik mövzusunu əhatə etdiyini diqqətə çatdırıblar. Bu rəsm əsərlərinin və qəhrəman şəhidimizlə bağlı digər şəkillərin toplanaraq nəfis şəkildə nəşr olunduğu albomlar tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə, həmçinin, uşaqlar tərəfindən vətənpərvərlik ruhunda rəqslər və şeirlər ifa olunub, şəhidimizin əziz xatirəsinə ithaf olunmuş şeirlərə bəstələnmiş musiqilər, videoçarxlar nümayiş etdirilib.
Şəhid Rauf İbadovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov tədbirin sonunda çıxış edərək bütün şəhidlərimizə və onların ailələrinə, eləcə də qəhrəman qazilərimizə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin hər bir tədbir iştirakçısına öz minnətdarlığını ifadə edib.



