Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Vahid müəllimə təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Vahid müəllim!
Sizi – Azərbaycan xalqının və dövlətinin mənafeyini daim hər şeydən üstün tutan vətənpərvər və dəyərli ziyalını, müdrik və nüfuzlu ağsaqqalı 75 İllik Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, Vətənimizin tərəqqisi naminə gərəkli ictimai-siyasi və elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Yüksək mənəvi zənginliyə malik bir şəxsiyyət olaraq Siz şərəfli və məhsuldar ömür yolunuzla, vətəndaş böyüklüyünüzlə, insanlara qarşı xeyirxahlığınız, nəcib əməlləriniz və dəyərli xidmətlərinizlə hər bir azərbaycanlının hörmət və sevgisini qazanmısınız. Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini hər zaman dəstəkləyərək bu gün də ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm rol oynayırsınız. Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsini uğurla həyata keçirən, yüksək idarəçilik keyfiyyətlərinə və ziyalı əzminə malik prinsipial bir rəhbər və alim kimi səmərəli fəaliyyətinizlə ölkəmizdə müstəqil auditin tərəqqisinə, şəffaflığın təmin edilməsinə və daha da artırılmasına böyük töhfələr verirsiniz. 180-dən artıq elmi əsərin və 5 monoqrafiyanın müəllifi olaraq Sizin rəhbərliyiniz və iştirakınızla Azərbaycanda audit sisteminin inkişafına və tənzimlənməsinə dair bir sıra xüsusi ədəbiyyat, metodik göstəriş, tövsiyə və standartlar işlənib hazırlanaraq praktikada tətbiq edilir.
Uzunmüddətli səmərəli fəaliyyətiniz dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmiş və Siz “Şöhrət” ordeninə, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “AHİK-30 il” yubiley döş nişanına və bir sıra digər ali mükafatlara layiq görülmüsünüz. Siz həm də Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin həqiqi üzvü, Gürcüstan Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin fəxri üzvü seçilmiş, Elm və təhsil sahəsində müstəsna xidmətlərinizə görə Beynəlxalq Elmlər Akademiyasının “Qızıl döş nişanı” ilə təltif olunmusunuz.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq Siz hazırda öz uğurlu fəaliyyətinizlə Şuranın işinə böyük töhfələr verir, cəmiyyətmizin, əsasən də gənc nəslin maarifləndirilməsində, onlara milli-mənəvi dəyərlərimizin aşılanmasında və vətənpərvərlik hisslərinin gücləndirilməsində yaxından iştirak edirsiniz. Geniş dünyagörüşünüz və müdrikliyiniz, yüksək intellektiniz, tükənməz gənclik enerjiniz və təşkilatçılıq bacarığınızla hər bir vətəndaşımıza örnək olmaqla yanaşı, Siz həm də vətənpərvər və ziyalı övladlar yetişdirən qayğıkeş ata və gözəl ailə başçısısınız.
Hörmətli Vahid müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi əlamətdar Yubileyiniz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından ürəkdən təbrik edir, Sizə cəmiyyətimiz üçün nümunə olan şərəfli ömür yolunuzda və gələcək fəaliyyətinizdə davamlı nailiyyətlər diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili,
professor Eldar QULİYEV