Yanvar ayının 7-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun 76 yaşı tamam olur.
Zəngin həyat təcrübəsi, dərin bilikləri və yüksək mənəvi keyfiyyətləri ilə müasir Azərbaycan ziyalısının parlaq simasını təcəssüm etdirən Vahid Novruzovun keçdiyi şərəfli yol, tutduğu prinsipial mövqe, xalqa və dövlətə sədaqətlə xidməti ona cəmiyyətimizdə böyük hörmət və etimad qazandırmışdır. Vahid müəllim hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə sadiq qalaraq, dahi şəxsiyyətin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti ardıcıl şəkildə dəstəkləmiş, ölkəmizin ictimai və sosial-iqtisadi inkişafında fəal iştirak etmişdir. Uzun illərdir Azərbaycan Respublikası Auditorlar Palatasına uğurla rəhbərlik edən Vahid Novruzov ölkəmizdə müasir audit institutunun formalaşdırılması, şəffaflıq prinsiplərinin möhkəmləndirilməsi və maliyyə nəzarəti sisteminin beynəlxalq standartlara uyğun inkişafı istiqamətində mühüm xidmətlər göstərmişdir. İqtisad elmləri doktoru, professor kimi 180-dən artıq elmi əsərin, 5 monoqrafiyanın müəllifi olmağı, elmi-nəzəri fikirlərlə praktik idarəetməni uğurla birləşdirməyi Vahid müəllimin çoxşaxəli fəaliyyətinin əsas göstəricilərindəndir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanmış metodik göstərişlər, tövsiyələr və audit standartları bu gün də ölkəmizin audit praktikasında etibarlı elmi baza rolunu oynayır.
Dövlətimiz Vahid Novruzovun səmərəli və fədakar fəaliyyətini daim yüksək dəyərləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Şöhrət” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “AHİK-30 il” yubiley döş nişanı və digər mötəbər təltiflər dəyərli ziyalımızın əməyinə verilən layiqli qiymətin bariz ifadəsidir. Eyni zamanda, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin həqiqi üzvü, Gürcüstan Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin fəxri üzvü seçilməyi, habelə Beynəlxalq Elmlər Akademiyasının “Qızıl döş nişanı” ilə təltif olunmağı görkəmli alimin beynəlxalq miqyasda da yüksək elmi nüfuza sahib olduğunu bir daha təsdiqləyir.
Vahid Novruzov Qərbi Azərbaycan İcmasının Nəzarət-təftiş komissiyasının sədri kimi də üzərinə düşən vəzifələri öhdəsindən layiqincə gəlir. Qərbi Azərbaycanda dünyaya göz açan vətənpərvər bir ziyalı olaraq ona doğma olan tarixi, dədə-baba torpaqlarımızın əzəli sakinlərinin pozulmuş hüquqlarının bərpası uğrunda öz səylərini əsirgəmir.
Bir çox sahələrdə uğurla fəaliyyət göstərən, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini vəzifəsini yüksək səviyyədə yerinə yetirən Vahid Novruzov müdrik sözü, obyektiv mövqeyi və ağsaqqallıq məsuliyyəti ilə Şuranın fəaliyyətinə xüsusi dəyər qatır, tükənməz gənclik enerjisi və mükəmməl idrəçilik bacarığı ilə şəhər və rayon təşkilatlarının işinin daha səmərəli qurulmasına mühüm töhfələr verir. Onun gənc nəslin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində gördüyü işlər bu gün cəmiyyətimiz üçün olduqca əhəmiyyətlidir. Vahid Novruzovun kamilliyi, geniş dünyagörüşü, yüksək intellekti və örnək insani keyfiyyətləri yalnız peşəkar və ictimai mühitdə deyil, ailə həyatında da özünü aydın şəkildə göstərir. O, vətənpərvər və ziyalı övladlar yetişdirən qayğıkeş ata və nümunəvi ailə başçısı kimi də böyük hörmətə layiqdir.
Bu əlamətdar və xoş gündə milli və mənəvi dəyərlərimizi daim uca tutan görkəmli ziyalı, tanınmış alim, müdrik ağsaqqal, alicənab insan Vahid Novruzovu şərəfli və fədakar həyatının 76-cı ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona bu gözəl ömür yolunda möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və çoxşaxəli fəaliyyətində davamlı uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından
Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV