Xəbərlər, Təbriklər

VAQİF ŞADLİNSKİ – 85

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin 85 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Vaqif müəllimə təbrik ünvanlayıblar. Təbrikdə deyilir:

Hörmətli Vaqif müəllim!
Sizi – Azərbaycan elminin görkəmli nümayəndəsini, vətənpərvər ictimai xadimi, müdrik ağsaqqalı və dəyərli ziyalımızı 85 İllik Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, sevinc dolu günlər, xalqımızın və dövlətimizin xoş gələcəyi naminə həyata keçirdiyiniz bütün işlərdə yeni-yeni uğurlar arzulayırıq!
Siz uzun illər ərzində çoxşaxəli və səmərəli fəaliyyətinizlə müstəqil Azərbaycanın inkişafına əvəzedilməz töhfələr verən böyük alim və nüfuzlu şəxsiyyətsiniz. Hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin gələcək tərəqqisinə istiqamətlənmiş uğurlu siyasətini dəstəkləmisiniz. Elmimizin və təhsilimizin inkişafı sahəsindəki səmərəli fəaliyyətiniz nəticəsində bir çox elmi əsərlər yazmış, ölkəmiz üçün savadlı tibbi kadrların hazırlanmasında yaxından iştirak etmisiniz. Zəngin ictimai-siyasi və pedaqoji fəaliyyətiniz, tibb sahəsindəki fədakar əməyiniz sayəsində “Şöhrət” ordeninə, “Əməkdar həkim”, “Əməkdar elm xadimi” fəxri adlarına, Prezidentin fərdi təqaüdünə, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na, eləcə də Albert Şveytser adına gümüş medala, Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının qızıl medalına, Avropanın Fəxri Alimi diplomuna, Robert Kox adına medala və digər bir çox ali mükafatlara layiq görülübsünüz. Avropa Təbiət Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, həmçinin bir sıra nüfuzlu beynəlxalq elmi və ictimai təşkilatların üzvü seçilibsiniz.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakınızla xalqımıza bu gün də dəyərli xidmətlər göstərir, cəmiyyətimizin, xüsusilə də gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz. Siz həm də Azərbaycan tarixində silinməz izlər qoymuş əsilzadə Şadlinskilər nəslinin ləyaqətli nümayəndəsi kimi vətənpərvər davamçılar – dəyərli övladlar yetişdirən qayğıkeş ata və gözəl ailə başçısısınız.
Hörmətli Vaqif müəllim!
Bu xoş fürsətdən istifadə edərək Sizi bir daha əlamətdar Yubileyiniz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından ürəkdən təbrik edir, Sizə tükənməz gənclik enerjisi və dəyərli fəaliyyətinizdə davamlı nailiyyətlər diləyirik!

Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor                    Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.