Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, dəyərli ziyalı, müdrik ağsaqqal Vaqif Şadlinskinin 86 yaşı tamam olur.
Böyük alim və nüfuzlu şəxsiyyət Vaqif Şadlinskinin çoxillik elmi, pedaqoji və ictimai fəaliyyəti müasir Azərbaycan elminin və tibb sahəsinin inkişafında mühüm bir mərhələ təşkil edir. O, ömrünün hər bir dövründə xalqa, dövlətə və elmə sədaqətlə xidmət etmiş, zəngin biliyi, dərin intellekti və prinsipial mövqeyi ilə nümunəvi ziyalı mövqeyi sərgiləmişdir. Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi və tərəqqisi naminə gördüyü işlər, xüsusilə gənc nəslin vətənpərvərlik ruhuna, elmi biliklərə yiyələnməsində göstərdiyi fədakarlıq böyük ehtiram doğurur.
Vaqif Şadlinski hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin müdrik siyasi kursuna sadiqliyini nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin davamlı inkişafına yönəlmiş uğurlu siyasətini ardıcıl olaraq dəstəkləmişdir. Elmin və təhsilin inkişafına verdiyi töhfələr, müəllifi olduğu çoxsaylı fundamental elmi əsərlər, yetişdirdiyi yüksəkixtisaslı tibbi kadrlar Azərbaycanın səhiyyə sisteminin formalaşmasında və tərəqqisində mühüm rol oynamışdır. Görkəmli alimin zəngin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, “Şöhrət” ordeni, “Əməkdar həkim”, “Əməkdar elm xadimi” fəxri adları, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, eləcə də bir sıra beynəlxalq nüfuzlu mükafat və medallarla təltif olunmuşdur. Avropa Təbiət Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki kimi qazandığı nailiyyətlər Azərbaycan elminin beynəlxalq miqyasda tanınmasına xidmət etmişdir.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri kimi Vaqif Şadlinski bu gün də müdrik ağsaqqal mövqeyi ilə cəmiyyətimizin ictimai-siyasi həyatında fəal iştirak edir, milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz xidmətlər göstərir. Onun həyat və fəaliyyət yolu ağsaqqallıq institutunun mahiyyətini, ziyalılığın və vətəndaş mövqeyinin ən yüksək nümunəsini təcəssüm etdirir. Azərbaycan tarixində özünəməxsus yeri olan əsilzadə Şadlinskilər nəslinin ləyaqətli nümayəndəsi kimi Vaqif müəllimin ailə dəyərlərinə sədaqəti, vətənpərvər, savadlı və ləyaqətli övladlar yetişdirməsi cəmiyyətimiz üçün əsl örnəkdir.
Bu əlamətdar gündə Azərbaycan elminin görkəmli nümayəndəsi, vətənpərvər ictimai xadim, müdrik ağsaqqal və dəyərli ziyalımız Vaqif Şadlinskini şərəfli ömrünün 86-cı ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, tükənməz gənclik enerjisi, xalqımızın və dövlətimizin rifahı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından
Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV