May ayının 12-də Göyçay Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim, dəyərli ziyalı Xəlil Orucovun 70 yaşı tamam olur.
Xəlil Orucov uzunmüddətli səmərəli pedaqoji fəaliyyəti ilə yanaşı, bir sıra rəhbər vəzifələrdə də uğurla çalışıb. İşlədiyi sahədən asılı olmayaraq, hər zaman Azərbaycan xalqının və dövlətinin tərəqqisinə xidmət edib. Fəaliyyət göstərdiyi dövrdə təhsil sahəsində qazandığı uğurlara görə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına və “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2018-ci ildə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Xəlil Orucov hal-hazırda Göyçay Rayon Ağsaqqallar Şurasının sədri olaraq müdrik bir ağsaqqal, dəyərli bir ziyalı kimi Azərbaycan dövlətçiliyinin inkişafına, cəmiyyətimizin, xüsusilə də gənc nəslin vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir.
Xəlil müəllimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Ona uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV