Xəbərlər

Xətai Rayon Ağsaqallar Şurasının inzibati binasının açılışı olub

Xətai  rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib. İyunun 1-də yaşayış binalarının qarşısında salınan parkın və Xətai Rayon Ağsaqallar Şurasının inzibati binasının açılış mərasimi  olub.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov, YAP Xətai rayon təşkilatının sədri  Vüqar Rəhimzadə, rayon idarə və təşkilatlarının nümayəndələri, ağsaqqallar və sakinlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə yeni istifadəyə verilən parkda yaradılan şəraitlə tanış olublar. “Heydər Əliyev İli” çərçivəsində bu kimi mühüm addımların atılmasının rəmzi mənası olduğu vurğulanıb. Belə ki,  Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin hər iki dövründə  yaşıllıqların genişləndirilməsini, ətraf mühitin qorunmasını daim diqqətdə saxlayırdı. Bütün bunların sayəsində bu gün artıq Bakı şəhəri və bölgələr  yaşıllıqlar məkanına çevrilməkdədir. Yeni istifadəyə verilən parkda uşaqların sevincinə qoşulan böyüklər, valideynlər onlar üçün yaradılan bu şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları  yeni istifadəyə verilən parkda yerləşən Xətai Rayon Ağsaqqallar Şurasının binasının açılışında iştirak ediblər.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Milli Qəhrəman Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov onlara göstərilən bu qayğıya görə minnətdarlığını bildirib. O, “Heydər Əliyev İli” çərçivəsində atılan bu mühüm addımın əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycanın bugünkü uğurları üçün dahi şəxsiyyət Heydər Əliyevə borcluyuq. Xətai Rayon Ağsaqqallar Şurasının sədri Ümummilli Liderin şah əsəri olan müasir və müstəqil Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən bəhs edib. Vurğulayıb ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu dünya hərb tarixinə yeni səhifə yazıb. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublilkasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu torpaqlara davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaradır. Artıq soydaşlarımızın  öz doğma yurd-yuvalarına qayıdışı mərhələli şəkildə reallığa çevrilir.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində görülən işlər, atılan hər bir addım Ümummilli Liderin  fəaliyyətinin bir istiqamətinin təqdimatıdır. Bu gün   rayon sakinlərinin ixtiyarına verilən park bir daha bu reallığı təsdiqləyir. O, açılışı edilən Xətai Rayon Ağsaqqallar Şurasının inzibati binası ilə bağlı qeyd edib ki, ağsaqqalların bir araya gəlməsi üçün daimi məkanın olması mütləqdir. Hər zaman onların  tövsiyələrinə ehtiyac duyulur. Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyə olunmasında ağsaqqalların nəsihətləri çox vacib amildir. Bu məkanın məhz gənclərin asudə vaxtlarını mənalı keçirmək üçün istifadə edəcəkləri parkın  ərazisində yerləşməsinin əhəmiyyəti daha aydın görünür. Burada gənclərə ağsaqqalların təcrübəsindən bəhrələnmək üçün geniş imkanlar yaradılıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayaraq, ağsaqqallara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.  Qeyd edib ki, Azərbaycanda “ağsaqqal” sözünə xüsusi ehtiramla yanaşılmasının çox qədim tarixi və zəngin ənənələri var. Xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal məsləhəti, ağsaqqal xeyir-duası həmişə uca tutulub, böyük əhəmiyyət kəsb edib. Ümummilli Lider Heydər Əliyevin hər zaman ağsaqqallara dərin hörmətlə  yanaşdığını bildirərək onun tarixi fikrini tədbir iştirakçılarına xatırladıb: “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur”. Bu, bir daha Ulu Öndər Heydər Əliyevin ağsaqqallara  nə qədər həssas münasibət bəslədiyini sübuta yetirir. Bayram Yusifov ağsaqqallara olan bu diqqət və qayğının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirildiyini vurğulayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini çıxışının sonunda Xətai rayon ağsaqqallarının  yeni binada daha səmərəli fəaliyyət göstərəcəklərinə əminliyini bildirərək, onlara gələcək işlərində uğurlar arzulayıb.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri  Vüqar Rəhimzadə rayon ağsaqallarını bu mühüm hadisə münasibətilə təbrik edib. Bildirib ki, milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir. Azərbaycan xalqının bir millət kimi formalaşmasında zəngin mənəvi dəyərlər sistemi mühüm rol oynayıb.  Gənclərimizin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiqlik, vətənpərvərlik ruhunda böyüməsi günümüzün əsas çağırışları sırasındandır. Bu dəyərlərin əsas tərkib hissələrindən biri də böyüklərə hörmət və onların təcrübəsindən bəhrələnərək gələcəyə doğru addımlar atmaqdır. Heç şübhə yoxdur ki, Xətai rayon ağsaqqallarının bir araya gələrək fikir mübadiləsi aparmaları üçün yaradılan şərait, eyni zamanda, gənclərin dövlətə bağlılıq ruhunda tərbiyə edilməsində, yad təsirlərdən qorunmasında da öz sözünü deyəcək. Əminik ki, gözəl məkanda yerləşən bu bina yalnız ağsaqqalların deyil, gələcəyimiz olan gənclərin də daha sıx toplaşacağı ünvan olacaq.

Tədbirdə çıxış edən digər natiqlər də görülən işləri yüksək dəyərləndirərək, Azərbaycanın bugünkü uğurlarının fonunda yeni-yeni hədəflərə doğru inamla irəlilədiyini bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.