Dekabr ayının 4-də Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Şuranın baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Rayon Ağsaqqallar Şurasının sədri İzzət Rüstəmov, habelə rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransı Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev açaraq tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, bu ilin ən mühüm hadisəsi sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatları olmuşdur. Əməliyyatlar nəticəsində müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoymuş və beynəlxalq səviyyədə tanınmış ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etmişdir. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq. İcra başçısı, həmçinin, qeyd edib ki, bu gün respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur və dövlətimizin bugünkü inkişafında onların böyük rolu vardır. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov öz çıxışında tədbir iştirkçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz möhtəşəm Qələbə qazanaraq işğaldan azad etdiyi torpaqlarımızda hazırda geniş vüsətli quruculuq işləri aparılır və artıq bu torpaqların əsl sahibləri, məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. Bu gün respublikamızın hər bir bölgəsində müşahidə edilən inkişaf prosesindən söhbət açan natiq bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Vahid Novruzov bu inkişaf zəminində Azərbaycan Ağsaqqallar Şurasının da öz fəaliyyətini səmərəli şəkildə qurmasından, ağsaqqalların respublikamızın ictimai-siyasi həyatındakı böyük rolundan, həmçinin ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu bildirib. O, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə də məlumat verib və tövsiyələrini çatdırıb.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə öz çıxışında müstəqil dövlətimizin güclənərək möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açaraq, rayonun daha da inkişaf etdirilməsinə, Ölkə başçısı cənab İlham Əliyevin respublikada həyata keçirdiyi yüksək fəaliyyətə rayon ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduğunu bildirib.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri İzzət Rüstəmov çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon əhalisi, o cümlədən gənclərlə keçirdikləri tövsiyə xarakterli görüşlərdən danışaraq, ölkənin ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etdiklərini qeyd edib və şuranın illik hesabatını təqdim edib. O, Rayon İcra Hakimiyyəti başçısı Rafiq Quluyevin ağsaqqallara göstərdiyi diqqət və qayğıya, habelə təşkilatı yeni inzibati bina ilə təmin etdiyinə görə minnətdarlığını bildirib. Sonra İzzət Rüstəmov səhhətindəki problemlərlə əlaqədar Xətai Rayon Ağsaqqallar Şurasının sədri olaraq vəzifəsini davam etdirə bilməyəcəyi üçün Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevə işdən azad olunmağı barədə ərizə ilə müraciət etdiyini vurğulayıb və bundan sonra təşkilatın üzvü kimi fəaliyyət göstərəcəyini qeyd edib. Əmin olduğunu bildirib ki, Xətai Rayon Ağsaqqallar Şurası yeni seçiləcək sədrin rəhbərliyi altında da öz fəaliyyətini uğurla davam etdirəcəkdir.
Sonra təşkilati məsələlərə baxılıb və səsvermə nəticəsində Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Mürvət Əsgərov rayon təşkilatının sədri seçilib.
Xətai Rayon Ağsaqqallar Şurasının yeni sədri Mürvət Əsgərov ona göstərilən etimada görə konfrans iştirakçılarına təşəkkür edib və təşkilatın fəaliyyətinin artırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
- 04-12-2023
- [16:59]
- [ ]

04
Dek