Xəbərlər

Xətai Rayon Ağsaqqallar Şurası Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib

Xətai Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunduğu tədbirdə ağsaqqallar, ziyalılar, şəhid valideynləri, elm və mədəniyyət xadimləri, gənclər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov qonaqları salamlayaraq bildirib ki, dövlətçiliyimizin memarı və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün uğurla davam etdirilir və ölkəmizin inkişafında mühüm rol oynayır. O, çıxışında vurğulayıb ki, xalqımızın Ümummilli Liderinin dövlətçilik fəlsəfəsi, idarəçilik məktəbi və milli maraqlara söykənən siyasəti Azərbaycan xalqının gələcək inkişaf yolunu müəyyənləşdirən əsas amillərdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz böyük nailiyyətlər əldə edib, torpaqlarımız işğaldan azad olunub, Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb və möhkəmlənib.

Sonra tədbirdə çıxış edən kimya elmləri doktoru, professor Vaqif Abbasov, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, kulturoloq, professor Fuad Məmmədov, Yeni Azərbaycan Partiayası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayeva, polkovnik-leytenant Firdovsi Xəlilov, ”Şəhid Aillələrinə Qayğı ” Cəmiyyətinin sədri Müşfiq Əliyev və Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini, beynəlxalq dərəcəli hakim Hicran Şərifov Ümummilli Liderin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, xalqın rifahı və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm islahatlardan bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvəti olmaqla yanaşı, gələcək nəsillər üçün də böyük örnəkdir. Natiqlər Ulu Öndərin elmə, təhsilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının bu gün də ölkə həyatında mühüm yer tutduğunu vurğulayıblar.

Tədbirdə Cavid Abbasov tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeir səsləndirilib. Şeir iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə bir daha dərin ehtiramlarını ifadə edərək belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını bildiriblər. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının məsləhətçisi Zahid Abbasov da iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.