Xəbərlər

Xəzər Rayon Ağsaqqallar Şurasının üzvləri tanınmış xanəndəni evində ziyarət ediblər

Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, sədr müavini Balaəli Əliyev və təşkilatın digər üzvləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, tanınmış muğam bilicisi, görkəmli xanəndə, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Aqil Məlikovu Şağan qəsəbəsində evində ziyarət ediblər.

Rövşən Salahov və rayon ağsaqqalları Aqil Məlikovla həmsöhbət olublar, onun səhhəti ilə maraqlanaraq uca Allahdan nüfuzlu el ağsaqqalına şəfa diləyiblər. Səmimi söhbət zamanı Azərbaycan muğam sənətinin qorunmasında və inkişaf etdirilməsində, zəngin milli musiqi irsimizin gələcək nəsillərə ötürülməsində, eləcə də milli-mənəvi dəyərlərimizin yaşadılmasında tanınmış xanəndənin böyük xidmətlərindən söz açılıb, bu istiqamətdə geniş fikir mübadiləsi aparılıb. Ağsaqqallar vurğulayıblar ki, Aqil Məlikov Azərbaycan muğam sənətinin inkişafına və milli musiqi mədəniyyətimizin təbliğinə uzun illər ərzində dəyərli töhfələr verən sənətkarlarlarımızdandır. Onun yaradıcılıq və pedaqoji fəaliyyəti muğam ənənələrimizin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu yaxınlarda ürəyindən əməliyyat keçirən Aqil Məlikov hazırda özünü gümrah hiss etdiyini bildirərək ona göstərilən yüksək diqqət və qayğıya görə Heydər Əliyev Fonduna, qədirbilən xalqımıza və eləcə də rayon ağsaqqallarına dərin minnətdarlığını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.