Xəbərlər

Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü, şəhid atası Niyaz Ağayevin 80 illik yubileyi qeyd edilib

Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü, I Qarabağ müharibəsi şəhidi Ziya Ağayevin atası, el ağsaqqalı Niyaz Ağayevin 80 illik yubileyi münasibətilə səmimi görüş və ziyarət təşkil olunub.

Tədbirdə yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Gülbala Qurbanov, Azərbaycan Ağsaqqallar Şurasının şöbə müdiri Elşad Quliyev, Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini Balaəli Əliyev, rayon ağsaqqalları, ziyalıları və ailə üzvləri iştirak ediblər.

Görüş zamanı çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin səmimi salamlarını və yubiley təbriklərini Niyaz Ağayevə çatdırıb. Niyaz Ağayevin cəmiyyətimizdə ağsaqqal kimi qazandığı hörmət və nüfuzdan, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində göstərdiyi xidmətlərdən bəhs edib. Qəhrəman şəhidimiz Ziya Ağayev kimi mərd, qorxmaz və Vətənə sonsuz məhəbbətlə bağlı övlad yetişdirən bir valideyn kimi ona dərin ehtiramını bildirib. Daha sonra Ramin Həsənli Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti tərəfindən Xəzər rayonunun ictimai-mədəni həyatında və Şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 80 illik yubileyi münasibətilə təltif olunan Niyaz Ağayevə “Fəxri Ağsaqqal” döş nişanını və hədiyyələri təqdim edib.

Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov da yubilyarı öz adından və bütün rayon ağsaqqalları adından təbrik edərək ona uzun ömür, möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar arzulayıb. Bildirib ki, Xəzər rayonunun nüfuzlu bir ağsaqqalı kimi Niyaz Ağayev öz həyat təcrübəsi, müdrik sözü və xeyirxah münasibəti ilə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, ağsaqqallıq ənənələrinin yaşadılmasına layiqli töhfələr verir.

Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Gülbala Qurbanov Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun salamlarını və səmimi təbriklərini yubilyara çatdıraraq, rayonun ictimai həyatındakı fəal mövqeyi, uzun illər ərzində göstərdiyi xidmətləri və nümunəvi həyat yoluna görə təltif olunan Niyaz Ağayevə Fəxri Fərmanı təqdim edib.

Tədbirdə çıxış edənlər digər natiqlər də Niyaz Ağayevin ömür yolunun gənc nəsil üçün örnək olduğunu, onun həm şəhid atası, həm də el ağsaqqalı kimi daim böyük hörmət qazandığını vurğulayıblar. Bildiriblər ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindən biridir və bu həssas münasibət hər zaman davam etdirilir.

Sonda bir daha yubilyara uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və xoş günlər arzulanıb. Şəhidimiz Ziya Ağayevin əziz xatirəsi dərin ehtiramla yad edilib, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlamlıq və uzun ömür dilənib.

Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü, I Qarabağ müharibəsi şəhidi Ziya Ağayevin atası, el ağsaqqalı Niyaz Ağayev ona göstərilən diqqət və qayğıya, eləcə də səmimi təbriklərə görə hər kəsə öz minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.